İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində indiyədək azı 639 nəfər həyatını itirib, 1.329 nəfər isə yaralanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Vaşinqton mərkəzli İnsan Haqları Aktivistləri qrupunun Associated Press (AP) agentliyinə verdiyi açıqlamada bildirilir.
Qrup bildirir ki, bu rəqəmlər İran daxilindəki yerli mənbələrin hesabatları və onların inkişaf etdirdiyi əlaqə şəbəkəsi vasitəsilə toplanıb və təsdiqlənib.
Xatırladaq ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri və ordunun ali komandanlıq strukturlarını hədəf alan genişmiqyaslı hava hücumları həyata keçirib.Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək rütbəli hərbi şəxs və 9 nüvə alimi həlak olub. İran tərəfindən təsdiqlənmiş ümumi mülki itki sayı isə 224 nəfərdir.
İran ordusunun İsrailə qarşı ballistik raketlərlə verdiyi cavab zərbələrində isə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
"AzPolitika.info"

Şərhlər