"Azərbaycandan ayrı düşəndən Naxçıvanda həmişə həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması və torpağın çox da münbit olmaması idisə, ikinci səbəbi məmurların çoxluğu idi. Ona görə Naxçıvana nazirlər, məmurlar ölkəsi deyirdilər. Və məmur təbəqəsi, bürokratiya oranın inkişafı qarşısında ən böyük maneələrdən biri idi”.
“AzPolitika” xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili çıxışının davamında “mən vaxtilə universitetə daxil olanda Bakıya gəldim və Azərbaycanın başqa rayonlarına gedəndə gördüm ki, orada “kubik”dən evlər tikilib. Amma Naxçıvanda binanın küncünə kimsə düz olsun deyə bir-iki “kubik” qoyurdusa, onu müxtəlif dövlət orqanları 2 ay sorğu-suala çəkirdi ki, bu “kubik” səndə haradandır?”, - deyib.
“Sonradan da orada istehsal emal müəssisələri açmaq çətin olanda, Qarabağ işğal altında idi. Məsələn, bir Şərur rayonu 3 yerə bölündü, bir rayonun yerində 3 yeni rayon yaradıldı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırıldı. İndi də biz burada yeni bir icra orqanı strukturu yaradırıq, səlahiyyətli nümayəndəlik. Baxmayaraq ki, Azərbaycanın qüvvədə olan Konstitusiyasının 135-ci maddəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və Baş nazir də Prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən ayrı bir icra orqanıdır. Yəni hər ikisi icra orqanıdır. Bundan başqa hörmətli Əli müəllim (Komitə sədri Əli Hüseynov-red.) qeyd elədi, amma yenə Ali Məclisin sədri üçün icra orqanı funksiyaları saxlanılır. Yəqin layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanı Məclisin sədri təmsil edir, sonra yerli icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində Azərbaycanın özündə də, yəni bir bölgəni, o cümlədən Azərbaycanı da təmsil edən icra hakimiyyətinin başçısıdır. Ona görə də Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır.
Amma mən ümumən nəyi təklif edirəm, əlbəttə, burada çox müsbət dəyişikliklər də var. Xüsusilə də Konstitusiyanın 1-2-ci maddəsindən Moskva və Qars beynəlxalq müqavilələri sözünün çıxarılması çox müsbət haldır. Amma düşünürəm, müzakirələrə başlasın və müzakirələr açılsın ki, ümumiyyətlə, Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac var, yoxsa yox? Naxçıvan balaca bir yerdir və əvvəllər haradasa başa düşmək olardı, amma indi, həm İran üzərindən qısa yol çəkilir, həm də inşallah yəqin ki, Zəngəzur dəhlizi də tezliklə açılar. Konstitusiyaya görə də Azərbaycan unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır”.
Partiya sədri qeyd edib ki, Naxçıvanda bu gün iş yerləri problemi yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmamalıdır: “Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır, insanların evində qaz var, amma qazın pulunu verməyə pulları yoxdur, onlar kənd yerlərində evlərində odun yandırırlar”.
Millət vəkili diqqətə çatdırıb ki, ona görə də Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir: “Orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə, Azərbaycanın özündə də dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə də mən hesab edirəm ki, bu dəyişiklikləri Azərbaycanın Konsititusiyasında dəyişikliklər etdikdən sonra etmək olar. Amma bu gün nə qədər ki, Azərbaycan Respublikasının Konsititusiyası qüvvədədir və Konsititusiyada da deyilir ki, Naxçıvanın ali vəzifəli şəxsi, dediyim kimi, Naxçıvan Ali Məclisinin sədridir və s. yəni bu Konsititusiyamızda bu qala-qala burada biz Naxçıvan Konsititusiyasında başqa bir qanun qəbul edirik. Sadalamadığım başqa məsələlər də var, vaxt almaq istəmirəm, amma ümumən, belə düşünürəm ki, yəni biz Azərbaycanın Konsititusiyasında dəyişiklik edəndən sonra bu dəyişikliyi etsək, daha məqsədəuyğun olar”.
Millət vəkili eyni zamanda qanun layihəsi ilə bağlı onun fikirlərinə etiraz edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova da cavab verib: “Təbii ki, deputat danışanda məsuliyyətli olmalıdır, mən bunu qəbul edirəm. Zamanında mən bu parlamentə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla burada onun əksini sübut etməyə çalışırdı. Stenoqramlar var, Ziyafət müəllim o çıxışları xatırlaya bilər. Ona görə də zamanla mənim burada çox qaldırdığım məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə də bağlı məsələ də nə vaxtsa öz həllini tapar. İkincisi, təklif vermək, təşəbbüslə hansısa çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın. Xalqımız qəbul edəcək, edəcək, etməyəcəksə də etməyəcək. Yəni doğrudan da məsuliyyətli olmaq lazımdır”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Azərbaycanın geosiyasi bütövlüyü bilərəkdən ərazicə parçalanıb və Ermənistan Konstitutunu dəyişənə qədər-İrəvana, RFna, BMTna rica ilə, anklav kəndlərə əvəzlə, təzminatın müəyyən hisəsinin ödənişi kimi Naxçıvanın əsas Azərbaycan ərazisinə qaytarılmasına və ya geniş dəhliz birləşməsi haqq-halal diplomatiyasını aparmaq gərək! Əsli Sülh-Barış münasibəti də elə belə müraciətlər deyilmi?
Naxıvanın az-çox savadı olan kişi xeylaqları Bakıya qaçıb hakimiyyətin nədənsə onlara xoş münasibətlrndən vəzifələrə,deputatxanaya doldurulublar.Naxçıvan əhalisinin indiki məlumatlara əsasən cinsi tərkibi -kişilər 35 faiz.qadın cinsi 65 faizdir.onların əksəriyyt iisə iran-türkiyə qastrollarında olur.
Bu illər ərzində, xüsusən də 2020-ci ildə Qarabağ işğaldan azad olunduqdan sonra dəfələrlə mətbuatda bir çox ziyalıar kimi biz də yazdıq ki, indiki yarımçıq parlament buraxılsın, konstitusiyada köklü islahatlar aparıb, yeni seçgilərə və referenduma gedib mövcud idarə etmə sistemi kökündən dəyişdirilsin. Təcssüf ki edilmədi və bu məsələdə çox gecikdik. Bu səbəbdən də ölkədə mərtəbəli və bir- birlərinin vəzifəsini icra edə həddindən artıq böyük bir məmur ordusu formalaşdı ki, bu da Ölkə Başçısının sosial -iqtisadi sahədə qarşıya qoymuş olduğu hədəflərə ulaşməqd böyük bir əngələ çevrilmiş oldu. Bununla paralel də hakimiyyətin üç qolunda, parlament və məhkəmə sistemi 3-cü qoldan tam asılı bir halə gətirildi ki, bu da ölkədə qanunun aliliyini heçə endirmiş oldu. Hansı ki Konstitusiyanın 7-maddəsinin müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərirlər və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. O ki qaldı Naxçıvana. Deyərdim ki, Naxçıvan Konstitusiyuasında dəyişiklik aparılmadan cənab Prezidentə Naxçıvana səlahiyyətli nümayəndənin atanması ilə bağlı verilən təlif yanlış idi. Bu yanlışlıq onda büruzə verdi ki, həmin dövrdən bəri Naxçıvanda idarə etmədə tam xaotik bir vəziyyət yaranıb. Çünki, Saləhiyyətli nümayəndə bir söz deyir, Konstitusiya isə onun əksini deyir. Ona görə də gec də olsa bu günlərdə Milli Məcilisdə Naxçıvan məsələsinin gündəmə gətirilməsi məqbul bir haldır.. Amma elə bilirəm nə danışılır danışılsın, sonda Naxçıvan konstitusiyasında dəyişikliyə gedilmədən, məclisdə qəbul ediləcək aralıq qanunlar heç nəyə yaramayacaq. O ki qaldı Naxçıvvanın Muxtariyyat statusuna bu bir mənalı olarq, indiki halda yəni neçə ki Naxçıvan ərazisinin Azərbaycanla quru sərhədləri həll olunmayıb status saxlanılmalıdır. Bəlkə də Naxçıvanın təhlükəsizliyi və bu gün ayaqda qalmasının tək səbəbi muxtariyyat statusu və bu statusa qarant olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələridir. Ona görə də Məclisdək bəzi deputatlara, üz tuturam və deyirəm, kəndinizə gəlin və eyfariyaya qapılıb, Naxçıvanın Muxtariyyat statusunu dilinzə gətirməyə cəsarət etməyin. Sanıram bu məsələnin Azərbaycan üçün nə qədər həssas bir qonu olduğunu ölkə Baççısı hər kəsdən gözəl bilir və təbii ki bu məsələ də, son söz Onun olacaqdır.