Deputat Vüqar Bayramov valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm yeniliyin tətbiq olunduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərə ilk dəfə işə düzələn zaman 6000 manat məbləğində birdəfəlik müavinət veriləcək.
Deputat qeyd edib ki, bu qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanmış sənədə əsasən həyata keçiriləcək. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilmiş və Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə bağlı mexanizm təsdiqlənib.
Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, bu kateqoriyadan olan şəxslərə orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik müavinət (5017,5 manat), eyni zamanda paltar, ayaqqabı və digər zəruri əşyalar əvəzinə 265 manat pul kompensasiyası verilirdi.
“Yeni qərara əsasən isə bu vəsaitlər birləşdirilərək ümumi məbləğ 6000 manata çatdırılıb”, – deyə deputat vurğulayıb.
Bayramov diqqətə çatdırıb ki, bu hüquq yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil olunur və onlar ilk dəfə rəsmi qaydada işə düzəldikdə bu müavinəti almaq hüququ əldə edirlər.
“Müvafiq şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, ‘DOST’ mərkəzinə və ya vahid əlaqələndirmə mərkəzlərinə müraciət etməklə bu müavinəti ala bilərlər”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, müraciət üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;
əmək kitabçasının surəti;
valideynlərin ölüm haqqında şəhadətnaməsi və ya Ədliyyə Nazirliyinin arayışı.
“Bu vətəndaşlarımız işə düzələndən sonra sadalanan sənədlərlə müraciət etməklə müavinəti almaq hüququna malik olurlar”, – deyə iqtisadçı-deputat əlavə edib.
Eyni zamanda, Vüqar Bayramov əhəmiyyətli bir məqama da toxunub: “Müavinət və sosial dəstək proqramları ilə bağlı məlumatlılığın aşağı səviyyədə olduğunu nəzərə alsaq, bu cür ödənişlərin proaktiv qaydada təyin olunması daha məqsədəuyğundur.” Onun fikrincə, bu, vətəndaşın hər hansı sənəd təqdim etmədən, elektron sistem vasitəsilə müavinət almasını mümkün etməlidir.
"AzPolitika.info"

Şərhlər
Pulu verdiz yaxwi uwaga baxan adam ve ya qaldigi uwaq evi o pulu yese burda uwaq ucun sefaletden bawqa ne qalir? Ele edin etdiyinizi ki o uwaq zaten zulum cekir rahat zulumsuz boyusun tehsil alsin dunya goruwlu olsun onsuzda boyudukden sonrada cekecey zulumu en azindan uwaqligi rat kecsin
Onlara əvvəl mütləq təhsil vermək ,peşə öyrətmək lazimdir. Onlar daim diqqət mərkəzində saxlanmalidir. Təkcə MSK sədri m.pənahovun oğlunun dağitdiği pulla nə qədər yetim himayə etmək olar ....
Bunlara ev verin ee, pul yox. 6000 manat yetimin yarasını sağaldan deyil. Bir də ki, sizin verdiyiniz puldan hələ bir insan xeyir görməyib. Əliniz o qədər ağır, nəfsiniz o qədər itidir ki, ayağınız dəyən yerdə ot da bitmir. Yetimə can yandıran olublar.