Nurəddin İSMAYIL

“Kitabi-Dədə Qorqud” dastanında yağıların dəyişməz xisləti ilə bağlı, çağımızla səsləşən ibrətamiz bir deyim var, “Qarı düşmən dost olmaz”…

İki yüz ildən artıq çar Rusiyasının, yetmiş ildən artıq sovet Rusiyasının tərkibində yaşamağa zorlandığımız zaman kəsimində elə bir onillik olmadı ki, Azərbaycan xalqı biri digərinin varisi olan bu qanlı rejimlərdən işgəncə, sürgün, qırğın, deportasiya, repressiya, günahsız ölüm nəsibini almasın. 2024-cü ildə Azərbaycna məxsus mülkü təyyarənin vurulması nəticəsində 38 nəfər vətəndaşımızın həyatına son verilməsi, bu günlərdə Yekaterinburqda, Voronejdə və Rusiyanın digər ucqar və mərkəzi şəhərlərində məskunlaşan, vətəndaşlıq statusu alan və almayan soydaşlarımıza qarşı başladılan işgəncələr, sıxışdırlmalar, ölümlə nəticələnən olaylar rus şovinizminin, Putin rejiminin nə qədər amansız, qəddar olduğunu bir daha ortaya qoydu. Nə Rusiyanın dünyadan təcrdid olunduğu bir vaxtda Azərbaycanın onunla müttəffiqlik haqqında bağladığı saziş, nə Putini İlham Əliyevin ev qonağı kimi qarşılaması, nə ölkəmizdə rus dilinə, rus məktəblərinə dövlət səviyyəsində meydan verilməsi Putini soydaşlarımıza qarşı vəhşiliklərdən çəkindirmədi və onun siyasi iradəsi ilə iki azərbaycanlı rus güc strukrurlarının əli ilə qətlə yetirildi, yüzlərlə soydaşımız işgəncə maşınından keçirildi.

Azərbaycanda rus məktəblərinin sayının çoxluğundan, rusca danışmağın üstünlüyündən, Rusiyanın mədəni təsirindən dəm vuran rusbaşlılar görsün ki, ona qarşı bəslədikləri bu ucuz, düşük sevgi Rusiyanın Azərbaycana, bütövlükdə türk dünyasına qarşı olan nifrətini, şovinist xislətini dəyişməz. İlk demokratik respublikamızı həzm edə bilməyib onu məhv edən sovet rejimi, indi müstəqilliyini yenidən qazanan Azərbaycanı həzm etmək istəməyən imperiya iddialı Putin rejimi ilə əvəzlənib. Bəli, ulularımız qarı düşməndən dost olmadığının düsturunu düz vermişlər. Tarixi unutqanlıq, milli kimliyinə biganəlik, əsrlərlə aparılan rus təbliğatı öz işini gördü, çoxlarının cazibəsinə düşdüyü Rusiyanın, rus yönətiminin arxa planda gizlənən niyyətini dərk etməyə yetərli olmadı və bu acı həqiqəti yalnız onun törətdiyi qanlı əməllər ortaya çıxanda anlaya bildi.

İmişlidə alman faşizmi üzərində qələbənin ildönümünə həsr edilmiş tədbirdə sinəsinə “Georgiyev lenti” asıb, SSRİ bayrağını başı üstündə asan “Ağsaqqallar Şurası”nın geydirmə sədri gec də olsa anlayacaq ki, ideoloji köləsinə çevrildiyi Rusiya bu gün onun soydaşlarının qanını axıdan şovinistlərin doğma vətənidir.

Rusiyadakı keçmiş səfirimiz Polad Bülbüloğlu 20 Yanvar qırğınında bu günkü Rusiyanın günahı yoxdur deyəndə, anlamalıdır ki, bugünkü Rusiya siyasəti dünənkinin daha iyrənc formada davamıdır. Kinorejissor Ayaz Salayev rus dilindən dilimizə ziyan gəlməz, gəlsə türk dilindən gələr deyəndə başa düşməli idi ki, yad dilin milli mətbəximizdəki hökmranlığı işğalın ən sirayət edici faktorlarından biridir.

Azərbaycan həmişə bütün qonşuları ilə, o cümlədən Rusiya ilə dinc yanaşı yaşamanın, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub və bu prinsipləri pozan heç bir hərəkətə yol verməyib. Lakin Rusiyanın bugünkü tavrı, etnik azərbaycanlılara qarşı başladılan vəhşiliklər, işgəncələr adı çəkilən ölkə ilə münasibətlərimizə yenidən baxmağı tələb edir. Qaçmaq, yayınmaq dövrü bitmiş, sinə gərmək, müqavimət göstərmək, dövlətimizin simasını ortaya qoymaq dövrü başlamış!

Yekaterinburq hadisəsindən sonra dövlətin ortaya qoyduğu rəsmi münasibət, Rusiya ilə birgə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin, həmin ölkənin xarici işlər nazirinin yüksək rütbəlisinin Azərbaycana səfərinin ləğv edilməsi, Rusiya kəşfiyyatının “Sputnik agentliyi”nə yerləşdirdiyi, ölkəmiz əleyhinə iş aparan əməkdaşlarının həbs edilməsi adekvat reaksiyadır və düzgün gedişdir.

Rusiya anlamalıdır ki, Azərbaycan müstəqil ölkədir, regionda aparıcı gücdür, daxili və xarici siyasətində suveren hüquqlarına sahib dövlətdir və onunla hədə-qorxu dili ilə danışmaq zamanı geridə qalıb.