İyulun 14-nə keçən gecə Rusiya Ukraynaya qarşı növbəti hava hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığının yaydığı məlumata görə, hücum zamanı dörd ədəd S-300/S-400 tipli raket və 136 kamikadze dron istifadə olunub.
Ən ciddi zərbə Sumı vilayətinin Şostka rayonuna dəyib. Burada dron hücumu nəticəsində iki kişi həlak olub. Şostka şəhərində təxminən 30 çoxmərtəbəli bina, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri zədələnib. Həmçinin bir mülki infrastruktur obyektinin tamamilə dağıldığı bildirilir.
Digər ağır hücum Dnepropetrovsk vilayətinin Kamensk rayonu ərazisində qeydə alınıb. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lisakın məlumatına görə, hücum nəticəsində üç nəfər - 51 yaşlı kişi və iki 13 yaşlı qız yaralanıb. Həmçinin, üç yaşayış evi, iki qaraj, dörd yardımçı tikili və bir meşə sahəsi yanaraq məhv olub.
“AzPolitika.info”


Şərhlər