İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, ali dini lider Əli Xameneinin müşaviri Əli Şamxaninin oğlu İranın əsas neft treyderlərindən biri kimi tanınır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı tanınmış iranlı neft treyderi Hüseyn Şamxaniyə və onun bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu qərar Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsidir.
Aİ qeyd edib ki, atası Əli Xamneinin baş müşaviri olan Hüseyn Şamxani Rusiyanın neft ticarətindəki roluna görə və ölkənin “kölgə donanmasında mərkəzi oyunçu” kimi blokun sanksiyalar siyahısına daxil edilib. Siyahıda onun Dubayda yerləşən Admiral Group və Milavous Group Ltd şirkətlərinin də adı var.
Aİ-nin bəyanatında deyilir: “Hüseyn Şamxani Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi fəaliyyətlə məşğuldur”.
“Bloomberg News”-un ötən il apardığı araşdırmaya görə, Şamxaninin şəbəkəsi Rusiya və İran neftinin ixracında əsas oyunçuya çevrilib və gəlirləri idarə etmək üçün London, Dubay və Cenevrədə ofisləri olan fond yaradıb. Lakin Şamxani özü bu xəbərləri ardıcıl olaraq təkzib edir.
“AzPolitika.info”


Şərhlər