ABŞ Prezodenti Donald Tramp bu həftənin cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək. Görüşün məqsədi onilliklərlə davam edən münaqişəyə son qoymaq və tərəfləri sülh sazişi imzalamağa təşviq etməkdir.
"AzPolitika" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evin iki yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.
Tramp administrasiyasının nümayəndələrindən biri, planlar hələ rəsmi şəkildə açıqlanmadığı üçün adının çəkilməməsi şərti ilə bildirib ki, İlhəm Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda keçiriləcək görüşlərdən sülh sazişi üzrə real nəticələr gözlənilir.
"Əliyev və Paşinyan sonuncu dəfə bir ay öncə Birləşmiş Ərəb Əmirliklərində keçirilən danışıqlarda iştirak etmiş, lakin tərəflər razılaşmaya nail ola bilməmişdi. Halbuki bu ilin əvvəlində hər iki tərəf sülh sazişinin ilkin layihəsinin hazırlandığını açıqlamışdı", - qəzet yazır.
2024-cü ilin iyun ayında Trampın vasitəçiliyi ilə Konqo və Ruanda arasında sülh sazişi imzalanmışdı. Tramp bu təşəbbüsü özünün sülh yaratma qabiliyyətinin sübutu kimi təqdim edərək belə bəyan etmişdi: “Bir neçə ay ərzində Hindistan və Pakistan, İsrail və İran, Konqo və Ruanda arasında sülhə nail olduq. İndi isə digər ölkələrlə də eyni istiqamətdə irəliləyirik.”
Bu təşəbbüslər fonunda Tramp bir neçə ölkənin liderləri tərəfindən Nobel Sülh Mükafatına təqdim edilib.
"Bu həftənin cümə günü Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülhə dair niyyət memorandumu imzalanacağı gözlənilir".
Bunu isə “Middle East Eye” portalı regiondakı diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, mərasimə ABŞ prezidenti Donald Tramp ev sahibliyi edəcək və sənəd Ağ Evdə imzalanacaq.
Mənbələrin sözlərinə görə, bu, tam sülh sazişi deyil, sadəcə niyyət məktubu olacaq. Yəni tərəflər yekun razılaşmanın prinsipləri üzərində işləməyə hazır olduqlarını ifadə edəcəklər. Bu təşəbbüsün, həm Trampın sülh təşəbbüsləri, həm də ABŞ-ın Cənubi Qafqazda nüfuzunun artırılması kontekstində mühüm siyasi dividendlər verəcəyi düşünülür.
Qeyd edilir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Türkiyənin XİN rəhbəri Hakan Fidanla əlaqə saxlayaraq sammit barədə məlumat verib. Mənbələrə əsasən, Bayramovla Fidan arasında ikitərəfli və regional məsələlər də müzakirə olunub.
Bu, həm də onu göstərir ki, Ankara regiondakı sülh proseslərində aktiv vasitəçilik və müşahidəçi mövqeyində qalmağa davam edir
Əgər cümə günü niyyət memorandumu imzalanarsa, bu, tərəflər arasında diplomatik iradənin nümayişi və gələcək sülh sazişinin əsasını təşkil edə bilər.
Rasim Əliyev
"AzPolitika.info"
***
ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
APA xəbər verir ki, bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir.
Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.
Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirməsi planlaşdırılır.
Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.

Şərhlər