Moskva və Vaşinqton Vladimir Putin və Donald Tramp arasında yaxın günlərdə görüş keçirmək barədə razılığa gəliblər.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, görüşün keçiriləcəyi yer artıq razılaşdırılıb. Bu barədə daha sonra rəsmi açıqlama veriləcəyi gözlənilir. Hazırda görüşün təfərrüatları fəal şəkildə işlənir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə mümkün üçtərəfli görüş təkliflərini şərh edən Uşakov qeyd edib ki, belə bir təşəbbüs həqiqətən də ABŞ nümayəndələri, xüsusən də Uitkoff tərəfindən səsləndirilib, lakin Moskva bunu şərhsiz qoyub.
Amerika mediasının mənbələrinə görə, Rusiya Putin və Tramp arasında danışıqların aparılması təşəbbüsü ilə çıxış edib. Bu məsələ avqustun 6-da Moskvada Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşdə müzakirə olunub.
Donald Tramp isə avqustun 6-da Rusiya və Ukrayna prezidentləri ilə “çox yaxında” danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
“AzPolitika.info”

Şərhlər