Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar vilayətində yerləşən Afipskiy Neft Emalı Zavoduna hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, zərbələr silahlı təcavüzü təmin edən hədəflərə qarşı dəqiq şəkildə yönəldilib. Döyüş tapşırığı Baş Kəşfiyyat İdarəsi və Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri tərəfindən yerinə yetirilib.
“Afipskiy neft emalı zavoduna endirilən zərbə təsdiqlənib. Zavodun illik emal gücü 6,25 milyon ton təşkil edir ki, bu da Rusiyanın ümumi neft emalının 2,1%-nə bərabərdir. Zərbə nəticəsində qaz və qaz kondensatının emalı üçün nəzərdə tutulan texnoloji qurğu yanmağa başlayıb”, – deyə məlumatda bildirilir.
Zərərçəkən zavodun strateji əhəmiyyət daşıdığı bildirilir – burada aviasiya yanacağı, dizel və benzin istehsal olunur. Müəssisə bu ilin mart ayında 217 milyard rubl (təxminən 2,7 milyard dollar) dəyərində modernizasiya proqramının birinci mərhələsini başa çatdırmışdı.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, yanğın bir neçə saat davam edib və nəhayət, söndürülüb. Hadisəyə çətinlik dərəcəsinə görə dördüncü kateqoriya verilib (maksimum – beşinci kateqoriyadır). Lakin zavodda baş vermiş dağıntıların miqyası barədə hələlik rəsmi məlumat verilməyib.
"AzPolitika.info"

Şərhlər