Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donalda Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb.
Sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
"AzPolitika" President.az-a istinadən Birgə Bəyannamənin tam mətnini təqdim edir:
"Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:
1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.
Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanıb".
***
ABŞ və Azərbaycan Prezidentləri Donald Tramp və İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla çıxış edirlər.
Bu barədə “Report”un ABŞ bürosu məlumat verir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub.
***

Ağ Evdə ABŞ lideri Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Həmin anın videosunu təqdim edirik:
***

Vaşinqtonda tarixi görüşə qısa müddət qalır. Hazırda Ağ Ev ətrafında Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünə son hazırlıq işləri görülür.
"AzPolitika" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.

ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.
Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq.
Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.
Jurnalistin Prezident Trampa görüşdən sonra barış ümidinin olub-olmaması barədə sualına Tramp “Çox-çox ümidliyəm” cavabını verib.
***
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq.
Azərbaycanın nümayəndə heyəti artıq Ağ evdədir.
Onlar arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yer alıb.
Həmin anın videosunu təqdim edirik:

Şərhlər
Yəqin ki, bu Bəyannamə bundan sonra hələ çox müzakirələrə yol açacaq. Xüsusən də, biz bu bəyannamə ilə və gələcəkdə bu bəyannaməyə istinad edəcək yükun sülh sazişində nələr itirdik və nələr qazandıq mövzusunda. Amma onu da qeyd edim ki, Paşinyan bu bəyannamə və bu bəyannaməyə istinad gələcəkdə imzalanacaq yekun sülh sazişinə görə erməni tarixinə adını qızıl həriflərlə yazdırmış olacaq. Ən əsası da gələcəkdə bağlanacaq sülh sazişində Ermənistan ərazisinin Azərbaycan tərəfindən 29,8 min kv. km sərhədlərində tanınmasına görə. Çünki, Azərbaycan 29 may 1918 -ci il tarixli müqaviləyə görə Ermənistanın ərazisini rəsmi olaraq 9,8 min kv. km sərhədlərdə tanımışdış. Sonrakı Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu mahalları və bu mahallara bitişik ərazilər də daxil 20,0 min kv km ərazi isə demək olar ki, bir tərəfli qaydada ( bu barədə kiçik məktublaşmalar və məcburi qərarlar istisna) Bolşeviklər tərəfindən ermənilərə peş çəkilmişdir. Yekun saziş bağlandıqdan sonra demək ki, bir yüz il də (99 il yəni) bunu unutmalı olacağıq. Amma bütün hallarda Azərbaycam Prezidentinin xarici siyasədəki unukallığına və vətənpərvərliyiyinə zərrə qədər şübhəmiz olmadığı üçün, bu məsələdə onun bildiyi və qarşısına qoyduğu bir məqsəd olmamış deyildir. Bir də ki, rəhmətlik Səməndər Rzayev demişkən, məsələ o qədər qəlizdir ki, bu bəyannamənin hələ nərəyə varacağı və yekun Sülh sazişinə kimi nələrin olacağı hələ bəlli deyil. Onu da yəqin ki, Azərbaycan dövlət Başçısı özü gözəl bilir. Çünki, Özü demişkən, "nəyin necə və nə təhər olacağını" O Özü hər kəsdən yaxşı bilir. Sanıran sadəcə olaraq, bir az da zaman.