Təhlilər və denya mediasınıda ekspertlərin açıqlamaları göstərir ki, 8 avqust 2025-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanan razılaşma Cənubi Qafqazda 200 ildən artıq davam edən Rusiyanın üstün mövqeyinə son qoyur. Moskva bu dəfə prosesdən tamamilə kənarda qalıb.
Məsələn usiyalı jurnalist və politoloq Konstantin Eqgertin müəllifi olduğu məqalədə bildirilir ki, sənəd ABŞ-nin Prezidenti Donald Trampın vasitəçiliyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə əldə olunub.
Sənəd konkret diplomatik tanınma tarixlərini və Ermənistan Konstitusiyasında dəyişiklik kimi detalları müəyyən etmir. Lakin əsas məqam – tərəflər arasında yeni müharibə riskini minimuma endirməkdir.
Razılaşmaya görə, Naxçıvanı Bakı ilə birləşdirəcək və Türkiyəyə qədər uzanacaq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) yaradılacaq. Bu, həm enerji resurslarının, həm də yüklərin daşınması üçün regionun əsas tranzit xətti olacaq.
Beləlilklə, İlham Əliyev ABŞ-nin Cənubi Qafqaz və Xəzər hövzəsində əsas strateji tərəfdaşına çevrilib. Bu, Bakıya:
- Amerika silahlarını almaq imkanı;
- Avropanın enerji təhlükəsizliyində həlledici rol;
- Moskva ilə siyasi və iqtisadi məsafənin artırılması imkanı verir.
Baş nazir Nikol Paşinyan üçün isə ən böyük uğur – yeni müharibənin qarşısının alınmasıdır. Bu, həm də:
- Türkiyə ilə sərhədin açılması;
- İqtisadi blokadadan çıxış;
- Avropa İttifaqı ilə vizasız rejimə gedən yolun sürətlənməsi deməkdir.
Qeyd edək ki, Ermənistanın bir il əvvəl qəbul etdiyi qanun ölkənin Avropa inteqrasiyası kursunu rəsmiləşdirib.
Beynelxalq sahə üzrə ekspertlər qeyd edir ki, həm Əliyev, həm də Paşinyan Rusiyadakı diasporların siyasi təsirini minimuma endirməyə çalışır. Paşinyanın rusiyameylli oliqarx Samvel Karapetyanı həbs etdirməsi isə Kremlə açıq mesaj olub. Yəni, Rusiyada yaşayıb Ermənistan siyasətinə təsir etmək dövrü bitib.
Ekspertlərin fikrincə, 2026-cı ilin iyun parlament seçkilərində Moskva Paşinyanı devirmək üçün təxribatlara, maliyyə dəstəyinə və Ermənistandakı rusiyameylli qüvvələrin gücləndirilməsinə əl ata bilər. Lakin maraqlı bir ehtimal da var – Əliyev belə bir ssenaridə Paşinyanı dəstəkləyə bilər, çünki Rusiyanın Ermənistanda hərbi-siyasi təsirini bərpa etməsi Azərbaycanın maraqlarına uyğun deyil.
Bütün bunlar belə bir qənaət yaradır: Hətta Ukrayna müharibəsi bitsə belə, Rusiyanın Cənubi Qafqazda əvvəlki təsirini bərpa etməsi mümkün deyil. İndi regionun əsas oyunçuları ABŞ və Türkiyədir.
E.Rüstəmli
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.


Şərhlər