Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:
Biz “asudə” vaxta “boş” vaxt deyirik.
Çoxumuz “asudə vaxt” sözünü eşidəndə ağlımıza istirahət guşəsi və məşğuliyyətsizlik gəlir. Əslində isə, bu, müqəddəs bir anlayışın təhrif olunmasıdır. Qədim yunanlar asudə vaxtı "schole" sözü ilə ifadə edirlər. Buradan da “school”-“məktəb” sözü yaranıb. Tarixən asudə vaxt deyəndə yaşamaq üçün lazım olan işdən azad vaxt nəzərdə tutulub. Adətən, insanlar bu vaxtdan intellektual və yaradıcı məqsədlər üçün istifadə ediblər. Uinston Çörçilldən bir nəsil əvvəl dörd dəfə İngiltərənin Baş naziri olmuş Vilyam Qladstounun qeyri-adi hobbisi var idi. O, evinin yaxınlığındakı meşədə ağac kəsməyi sevirdi, böyük ağacları, özü də əl baltası ilə.
1876-cı ilin yanvarında o, diametri təxminən beş metr olan qarağacın kəsilməsinə tam iki gün vaxt sərf etmişdi. Qladstounun gündəliyindən aydın olur ki, o, bəlkə, min dəfə əlində balta meşəyə getmiş, bu zaman ailəsini də özü ilə aparmış və ağacdoğrama prosesini əsl şəhərkənarı gəzintiyə çevirmişdi. Onun dediyinə görə, bu proses o qədər cəlbedici idi ki, baltanın növbəti zərbəsinin ağacın harasına dəyəcəyi barədə fikirləşməkdən başqa heç nəyə vaxtı qalmırdı.
Bir çox müasirləri, o cümlədən Çörçillin atası Qladstounun bu hobbisini tənqid edir onu destruktiv adlandırırdı. Lakin əslində, belə deyildi, Qladstoun həyatı boyu çox ağac əkmişdi, yüzlərlə ağac budamışdı və evinin yanındakı meşənin qayğısına böyük səylə qalırdı. O, belə hesab edirdi ki, qurumuş və çürüməkdə olan ağacların kəsilməsi balaca, lakin mühüm xidmətdir. O hansısa bir palıd ağacının kəsilməsi ilə bağlı tənqidlərə cavab verərək demişdi ki, çürümüş ağacı oradan uzaqlaşdırmaq meşədəki sağlam ağaclara daha çox işıq düşməsinə və onların yerinin genişləndirilməsinə imkan yaradır - lap siyasətdə olduğu kimi. Qladstounun qızları atalarının kəsdiyi ağacların yonqarlarından müxtəlif suvenirlər düzəldir və xeyriyyə yarmarkasına çıxarırdılar.
1880-1890-cı illərdə, son üç baş nazirlik müddətində, Qladstoun üç yüz dəfədən çox meşəyə getmiş, təftiş edib qurumuş və çürümüş ağacları kəsmişdi. Lakin balta onun yeganə istirahət vasitəsi deyildi. Qladstoun qoca yaşlarında da gümrahlıq və hərəkət tələb edən ekskursiyalara çıxmağı, dağa qalxmağı sevirdi. Gündəliyində isə ağac kəsməkdən daha çox kitab mütaliəsi ilə bağlı qeydləri yer almışdı (O bütün həyatı boyu 25 mindən çox kitab toplamış və oxumuşdu). Bu məşğuliyyət onu siyasətin təzyiqlərindən qoruyurdu: səyləri daim mükafatlandırılır, rəqibləri onun sevimli işinə müdaxilə edə bilmirdilər.
Cəmiyyət dəyişdikcə əmək daha az fiziki xarakter daşıyır, amma zehni və ruhi cəhətdən daha çox yorğunluğa səbəb olur. Məsələn, İsa Peyğəmbər şagirdləri ilə balıq tuturmuş, Con Keycin hobbisi göbələk toplamaq idi. Yumor ustası və komediya müəllifi Devid Sedaris yaşadığı rayonun ətraf küçələrində dolaşmağı və zibil yığmağı özünə məşğuliyyət seçib. Yazıçı Con Qreyvs asudə vaxtlarında çəpərləri düzəldir, mal-qaraya qulluq edir, torpağı əkib-becərirdi. Prezident Herbert Huver balıq tutmağı o qədər sevirdi ki, bu məşğuliyyəti haqqında kitab da yazmışdı. Eynşteyn skripka çalırdı. Pifaqor lirada ifa edirdi. Con Hopkins Universitetinin yaradıcısı Vilyam Osler isə Tibb fakültəsində oxumaq istəyən tələbələrə deyirdi ki, kimya və anatomiya onların ruhunu əzməyə başlayanda “böyük sakitləşdirici Şekspirdə dinclik axtarsınlar”.
Cozef Piper "Asudə vaxt" essesində yazırdı ki, “asudə vaxtdan istifadə etmək qabiliyyəti insan ruhunun təməl güclərindən biridir”. Maraqlısı budur ki, fiziki vəziyyət-fiziki fəaliyyət ruhu bərpa edir və gücləndirir.
Asudə vaxt fəaliyyətsizlik deyil, fəaliyyətdir. Piper deyir ki, asudə vaxt yatmamışdan əvvəl dua oxumaq kimidir. Dua oxumaq yuxuya kömək etdiyi kimi, səmərəli asudə vaxt da işə daha yaxşı hazırlaşmağa şərait yaradır.
Mənbə: Rayan Holidey, "Sakitlik açardır" kitabı

Şərhlər
Ramiz Mehdiyev, Artur Rasizadə, Hadı Rəcəbli, Səttar Mehbalıyev, Anar və sair qocalıb çürümüşləri kəsib atmaqla həm "meşəni" təmizləməyi həm də yeni, cavan pöhrələrə imkan verdiyinizi düşünürdük. Vallahi bu cavanlar beş betər oldular.
Hörmetli Etibar bey bu qeder xarici melhurların adını çekşr,lakin bir nefer de bizim meşhurların adını çekmir.Meselen Semed Vurğun ve telebesi Hüseyn Arif asude vaxtlarında ovçuluq ederdiler:meşhur "Ceyran" şeri bele yazılıb -ov zamanı.