Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.

“AzPolitika” xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib. 

"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.

Xatırladaq ki, Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum zamanı Odessada SOCAR-ın bazasına zərbə endirilib.

Bundan əvvəl isə, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb.

"AzPolitika.info"