İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Alyaskada keçirilmiş danışıqların nəticələrindən məmnunluğunu ifadə edib və onların Ukrayna böhranının həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

"AzPolitika” xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian Rəşt–Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinə nəzarət edəcəyini vəd edərək, bu layihənin Fars körfəzi ilə Rusiya və Mərkəzi Asiyanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə birləşdirən əsas layihələrdən biri olduğunu vurğulayıb. O, həmçinin İran və Rusiya arasında digər ikitərəfli sazişlərin icrasının da vacibliyini qeyd edib.

İran Prezidenti beynəlxalq və regional qurumlarla, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS çərçivəsində Rusiya və Çinlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

O, Ermənistan səfərinə də toxunaraq bildirib ki, Baş nazir Nikol Paşinyan İrəvanın ABŞ və Azərbaycanla apardığı müzakirələrdə İranın narahatlıqlarının nəzərə alındığını təsdiqləyib. Pezeşkian Cənubi Qafqazda problemlərin həllində “3+3” formatını (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) daha effektiv mexanizm kimi dəyərləndirib.

Prezident Vladimir Putin isə Moskva ilə Tehran arasında münasibətləri “konstruktiv və sabit şəkildə inkişaf edən” kimi qiymətləndirib. Onun sözlərinə görə, cari ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 11 faiz artıb.

Putin Rəşt–Astara dəmir yolu layihəsində və Buşehr Atom Elektrik Stansiyasındakı əməkdaşlıqda əldə olunmuş irəliləyişi yüksək dəyərləndirib. O, hazırda Buşehr AES üçün yeni yanacağın ötürülməsinin davam etdiyini bildirib.

Rusiya Prezidenti əlavə edib ki, Moskva İranın uranı zənginləşdirmək hüququnu qətiyyətlə dəstəkləyir və bunu iki ölkə arasında tərəfdaşlığın əsas elementlərindən biri hesab edir.

“AzPolitika.info”