Son günlər Azərbaycanda ətin qiymətinin yenidən artacağı barədə xəbərlər yayılmaqdadır.
Mütəxəssislər bildirirlər ki, yaxın günlərdə Bakıda mal ətinin qiyməti 18–20 manat aralığında ola bilər. Qiymət artımının əsas səbəbləri kimi istehsal xərclərinin yüksəlməsi, yerli istehsalın məhdudlaşması və idxal prosesindəki çətinliklər göstərilir.
2025-ci ilin ilk yarısında mal ətinin qiymətində artıq artım müşahidə olunub. Belə ki, əvvəllər 15 manata satılan dana əti əvvəlcə 16 manata, daha sonra isə 17 manata qalxıb. Qoyun ətində də bahalaşma qeydə alınıb. Hazırda Bakıda və əsas regionlarda təzə qoyun ətinin kiloqramı 20–26 manat, keçi ətinin isə 18–22 manat arasında dəyişir.
Bazarda alternativ olaraq dondurulmuş idxal ətləri də satılır. Onların qiyməti nisbətən ucuzdur – mal əti üçün 14–16 manat/kq, toyuq əti üçün isə 6–7 manat/kq civarında.
“Heyvandarlıq inkişaf etmir, qiymət artımı qaçılmazdır”
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, ət bazarında qiymətlər tələb və təklif əsasında formalaşır. Buna görə də dəqiq müddət göstərmək çətindir.

Onun sözlərinə görə, orta müddətdə ətin qiymətində artım tendensiyası davam edəcək: “Ölkədə heyvandarlıq inkişaf etmir, saxlanılan heyvanların sayında isə azalma var. Tələbat isə azalmır. Baxmayaraq ki, qiymətlər yüksəlir, insanlar yenə də ət almağa çalışırlar. Son 10 ildə həm tələbatda, həm də ət kəsimində 20–25 faiz artım müşahidə olunub. Qiymətlər isə bu müddətdə ən azı iki dəfə bahalaşıb. Digər tərəfdən həm iri, həm də xırdabuynuzlu heyvanların sayı azalır, onların saxlanma xərcləri də artır.”
Ekspert əlavə edib ki, yaxın gələcəkdə heyvanların sayında ciddi artım baş verməsə və ya idxal böyük həcmdə həyata keçirilməsə, ətin qiymətində ucuzlaşma gözlənilmir.
Xatırladaq ki, kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli yaxın dövrdə mal ətinin qiymətinin artacağı barədə xəbərdarlıq etmişdi.
Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan diri heyvan ixracını dayandırıb: "Digər ölkələrin də belə addımlar atacağı gözlənilir. Azərbaycan ətə olan tələbatının 20 faizini idxal edilən diri heyvanların kəsimi hesabına təmin edirdi. İdxal olunan heyvanların əti isə statistikada daxili istehsal kimi göstərilirdi. Gedişat onu göstərir ki, diri heyvanların idxalı kəskin şəkildə azalacaq. Nəzərə alsaq ki, ölkədə heyvanların baş sayı azalaraq kritik həddə çatıb, deməli, Azərbaycanda ciddi ət qıtlığı gözlənilir".
Rəsmi statistika
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ölkə üzrə:
- 6 milyon 850,2 min baş qoyun və keçi,
- 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1 milyon 223,1 min baş inək və camış mövcud olub.
Mütəxəssilər problemi həlli üçün hökumətin heyvanldarlığın inkişafına ciddi dəstək verməsini, yem və ot alışında sahibkarlara yardım göstərilməsini zəruri hesab edirlər.
E. Bəyməmmədli
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanmışdır.


Şərhlər
İlk səbəbərdən əsası məmurların rüşvətə qurşanması və rüşvət məssinin mərkəzləşdirilməsidir (AŞAĞIDAN YXARIYA )
Süni bahalaşmanın qarşısını alan qrum varmı?Varsa niyə ortada görünmür?Görün ətin kilosu gömrükdən hansı qiymətə keçir,neçəyə saılır və satışdan vergi nec ödənilir?Buna nzarət edən niyə yoxdur.Əgər nəzarət edən olsa ətin qiyməti oqədər baha olmaz!Ekspert otaqda oturub yazı yazır.Qoy bu məsələni araşdırsın.O zaman həqiqət oraya çıxar.
Səbəb:Nəzarətsizlik və özbaşına buraxılma!bu məsələyə ciddi yanaşan qurum.hakimiyyt ortada görünmür.Niyəsi olduqca şübhəli və qaranlıqdır.Millət yaşaya bilmir.
Bahaşma halları ölkədə nəzarətsizlyin və məmurların xalqa biganəliyinin nəticəsidir! Verilən maaş.müavintlər və pensiya minimal yaşayış halını təmin etmədiyini nəzərə alan hpkumətə ehtiyac vardır.