(15 sentyabr – Bilik Gününə ithaf olunur)

Etibar Əliyev,
Fəlsəfə üzrə fəlsəfə doktoru

Mən istəyirəm ki, bundan sonra bir istedadlı uşağı belə itirməyək;

Mən istəyirəm ki, təhsilə təhsili bilən, milli təəssübkeşliyi yüksək olan, onu duyan şəxslər rəhbərlik etsinlər;

Mən istəyirəm ki, təhsildə yuxarı vəzifələrə Dəniz Limanından, “Azgranata”dan, Şəkər Zavodundan və digər aidiyyəti olmayan müəssisələrdən bir daha dost, tanış və qohum gətirilməsin;

Mən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar;

Mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar;

Mən istəyirəm ki, bir uşaq belə təhsildən kənarda qalmasın;

Mən istəyirəm ki, uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsun;

Mən istəyirəm ki, çağımızın tələblərinə uyğun tərbiyəçi-müəllim hazırlığı üçün proqram qəbul olunsun;

Mən istəyirəm ki, uşaqlar məktəbə qayıtsınlar;

Mən istəyirəm ki, şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;

Mən istəyirəm ki, təhsil üçün heç bir əhəmiyyəti olmayan qrant layihələrinə xərclənən (yeyilən) milyonlarla manat məhz məzmuna və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilsin;

Mən istəyirəm ki, Beynəlxalq Riyaziyyat və İnformatika olimpiadalarından şagirdlərimiz qızıl medal gətirsinlər;

Mən istəyirəm ki, müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər;

Mən istəyirəm ki, müəllim şagirdi döyməsin;

Mən istəyirəm ki, uşaqlar məktəbdə bir-birilərini bıçaqlamasınlar;

Mən istəyirəm ki, məktəblər açılsın, bağlanmasın;

Mən istəyirəm ki, şagirdin əlində telefon yox, kitab olsun;

Mən istəyirəm ki, bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafi faktor nəzərə alınmasın;

Mən istəyirəm ki, məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraq əsasında olmasın;

Mən istəyirəm ki, elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;

Mən istəyirəm ki, valideynlər repetitora xərclədikləri pulu uşaqlarının tədris vəsaitlərinə, onların normal qidalanmasına və geyiminə sərf etsinlər;

Mən istəyirəm ki, məktəb məzunlarının azı 40 faizi peşə məktəblərinə üz tutsun;

Mən istəyirəm ki, internat məktəblərində uşaqların payına göz dikilməsin;

Mən istəyirəm ki, valideyn–məktəb rəhbərliyi arasındakı qarşıdurma səngisin;

Mən istəyirəm ki, məktəblilər və tələbələr bir daha “qanuni oğru” mahnılarını oxumasınlar;

Mən istəyirəm ki, azı ölkədə 20 müasir peşə təhsili məktəbi qurulsun;

Mən istəyirəm ki, bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;

Mən istəyirəm ki, ali məktəb müəllimləri o qədər maraqlı mühazirələr oxusunlar ki, kənardan da dinləyicilər onları dinləməyə maraq göstərsinlər;

Mən istəyirəm ki, ali məktəb müəllimləri onlayn mühazirələr apara bilsinlər;

Mən istəyirəm ki, ali məktəb müəllimləri yeni biliklərin mənbəyini bilib tələbələrə göstərsinlər;

Mən istəyirəm ki, müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;

Mən istəyirəm ki, müasir kitab mağazalarında ayda azı 10 universitet müəllimi ilə rastlaşım;
Mən istəyirəm ki, universitetlərin həyətində böyük kitab mağazaları açılsın;

Mən istəyirəm ki, universitetlərdə “Mütaliə Klubu” fəaliyyətə başlasın;

Mən istəyirəm ki, mütaliə edən insanlara da açıq olan zəngin universitet kitabxanaları olsun;

Mən istəyirəm ki, pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar. Buna borcludurlar, çünki dövlət – babamın pulu hesabına bu məktəbləri yaradıb;

Mən istəyirəm ki, universitetlərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;

Mən istəyirəm ki, azı 3 universitetimiz dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsın;

Mən istəyirəm ki, tələbələr üçün kiçik də olsa, “Silikon Vadisi” yaradılsın;

Mən istəyirəm ki, Elm və Təhsil Nazirliyi özünü güclə yaşadan ali məktəblərdən pul qoparmasın;

Mən istəyirəm ki, Elm və Təhsil Naziri bir daha müəllimləri və alimləri aşağılamasın.

“AzPolitika.info”