Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya Qara dəniz donanmasına aid gəminin Novorossiysk sahillərində xüsusi təyinatlıların zərbəsinə məruz qaldığını açıqlayıb.
Məlumata görə, söhbət çoxfunksiyalı MPSV07 layihəsi üzrə inşa edilmiş və 2015-ci ildə istifadəyə verilmiş gəmidən gedir. Bu tip gəmilər dalğıc kompleksləri, məsafədən idarə olunan aparatlarla, yan baxışlı hidroloqator və radioelektron kəşfiyyat vasitələri ilə təchiz olunub, həmçinin dəniz dibinin öyrənilməsi üçün istifadə edilə bilir. Onun dəyərinin təxminən 60 milyon dollar olduğu bildirilir. Hazırda Rusiya donanmasının tərkibində bu tipdən cəmi dörd gəmi mövcuddur.
“The Insider” yazır ki, zərbəyə məruz qalan gəmi böyük ehtimalla “Spasatel Demidov” olub.
GUR-un açıqlamasında qeyd olunur ki, hücum anında gəmi radioelektron kəşfiyyat aparır və Rusiyanın Qara dəniz donanmasının qalıqlarını cəmləşdirdiyi Novorossiysk buxtasına girişləri patrul edirdi.
İdarənin məlumatına əsasən, Ukrayna zərbə PUA-sı gəminin naviqasiya və rabitə avadanlıqlarının yerləşdiyi idarəetmə korpusuna zərbə endirib. Nəticədə radioelektron kəşfiyyat aparatları məhv edilib, gəmi sıradan çıxarılıb və bahalı təmirə ehtiyac duyur.
Xatırladaq ki, daha əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirmişdi: Kiyevin Krımda həyata keçirdiyi davamlı zərbələrdən sonra Rusiyanın döyüş qabiliyyətli hərbi gəmiləri qalmayıb. Peyk görüntüləri isə Qara dəniz donanmasının sağ qalan hissəsinin məhz Novorossiyskdə cəmləşdirildiyini göstərir.
“AzPolitika.info”


Şərhlər