Jurnalist MTN-nin tibb hissəsinə aparılıb
Vəkil Yalçın İmanov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimlinin səhhətində ciddi problemlər var.
“Dünən Pərvizin səhhəti kəskin pisləşdiyinə görə tibbi hissəyə aparılıb və həkim müdaxiləsindən sonra qismən normallaşıb. Onun saxlanma şəraitinin ağır olması, saxlandığı kamerada ventilyasiya sisteminin olmaması, işığın daim yanılı olması, ağrıları və psixoloji durumu vəziyyətinin pisləşməsinə səbəb olur”. Vəkil vurğuladı ki, Pərviz Həşimli gələn həftənin 1-ci günündən etibarən aclıq aksiyasına başlayacağını deyib və bu qərarında israrlıdır. “Pərviz aclıq aksiyasına keçirməsinə səbəb kimi tələblərinin yerinə yetirilməməsini göstərir. O, Bakı İstintaq Təcridxanasına köçürülməsini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüş və telefon əlaqəsinin saxlanmasına şərait yaradılmasını, istintaq hərəkətlərin sürətləndirilməsini istəyir. Pərviz heç bir istintaq hərəkətinin aparılmasından çox narahatdır. Həmçinin istintaq təxridxanasından ölkə başçısına, Prezident Adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və digər şəxslərə yazdığı şikayət və müraciətlərin ünvanına çatdırılmasını və Ombudsman Elmira Süleymanovanın MTN-in istintaq təcridxanasına gəlməsini və vəkilləri ilə konfedensial görüşlərə şərait yaradılmasını istəyir. Bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aclıq aksiyasının davamlı olacağını vurğulayır” - deyə vəkil qeyd etdi.
Yalçın İmanov əlavə etdi ki, MTN-in istintaq təcridxanasına daxil olarkən qeyd kitabçası iradəsinə zidd olaraq əlindən alınıb. Bu qanunsuzluqla bağlı etirazlarına isə məhəl qoyulmayıb.
Jurnalistin digər vəkili Elçin Sadıqov ABŞ-ın Azərbaycandakı səfirliyinin müşaviri Stivein Qaysla görüş keçrib. E.Sadıqov «Bizim Yol» qəzetinə bildirib ki, görüşdə P.Həşimlinin durumu, saxlanma şəraiti, hüquqlarının pozulması müzakirə olunub. ABŞ diplomatı jurnalistin həbsini diqqətdə saxladıqlarını bildirib.


Şərhlər