Menu

"Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir" - Komitə sədri

12.09.2025, 12:46
"Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir" - Komitə sədri

Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Rzayev deyib.

“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər. Bələdiyyələrin hər biri öz ərazilərində qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, - deyə komitə sədri qeyd edib.

Deputat Azər Badamov isə mal-qaranın sayının azalmasının səbəblərindən birinin peyvəndlənmə olduğunu söyləyib: “Peyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində boşluqlar var. Bu boşluq da ölkədə həmin sahədə olan baytar mütəxəssislərin azlığı ilə bağlıdır. Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir, rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının azalmasının səbəblərindən biri də bu məsələdir”.

Şərhlər

Sahibə xanıma sual 2025-09-12 14:55:05

BELƏ NAĞILBAZLAR NECƏ DEPUTAT OLUB?

Vəli 2025-09-12 13:01:27

Ümid edirdik ki, Qarabağ alınandan sonra Ki/T imkanlarımız artdığı üçün ərzaq qiymətləri enəcək. Qarabağ alındı, orada xeyli K/T məhsulları istehsal edildi, amma əksinə hər il qiymətlər durmadan, sürətlə artır. Əcaba bəs bu qədər məhsullar hara getdi? Yumurtamadı, yumurtamadı, bəs fala nə oldu?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol