Azərbaycanda 2025-ci ilin 1 sentyabr tarixinə olan məlumata görə, buğda əkilmiş sahələrin 99,1%-ində yığım artıq başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın son məlumatına əsasən, 474,8 min hektar sahədən 1 588,7 min ton buğda toplanıb. Hər hektardan orta məhsuldarlıq 33,5 sentner təşkil edib.
Ötən illə müqayisədə hər hektardan məhsuldarlıq 2,6 sentner artsa da, ümumi yığım azalıb. Belə ki, ötən il 1 685 000 ton buğda yığılmışdısa, bu il bu rəqəm 97 min ton azalıb. Bunun əsas səbəbi isə bu il daha az sahədə buğda əkilməsidir. Belə ki, ötən il 546,1 min hektar, bu il isə 479,1 min hektar sahədə buğda əkilib.
Digər tərəfdən, daxili tələbatı ödəmək məqsədilə, ilin ilk 7 ayında Azərbaycan Qazaxıstan və Rusiyadan 643,1 min ton buğda idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183 min ton çoxdur.
Maraqlıdır, istehsalın azalması və idxalın artması gələcəkdə un və çörəyin qiymətinə necə təsir göstərəcək?
İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, daxili buğda həcmi qiymətləri formalaşdıran əsas amil deyil.

Ekspertin sözlərinə görə, Azərbaycanda istifadə olunan buğdanın təxminən 75%-i xaricdən idxal olunur. Əvvəllər idxal əsasən Rusiyadan həyata keçirilirdisə, hazırda Qazaxıstandan daha çox buğda gətirilir.
X. Kərimli qeyd edib ki, dünyada buğda qiymətlərində ciddi bahalaşma müşahidə olunmur: “Son bir ildə dənli bitkilərin qiymətlərində əhəmiyyətli dəyişiklik olmayıb. Yerli istehsal nə qədər çox olsa da, dünyada buğdanın qiyməti bahalaşarsa, Azərbaycanda da qiymətlər yüksələcək. Çünki yerli istehsal qiymətləri stabil saxlaya bilmir”.
Ekspert bunu belə izah edib: “Məsələn, təsəvvür edin ki, 'AzərGold' yerli qızıl istehsal edir. Dünyada qızılın qiyməti artdıqda, 'AzərGold' da qiyməti stabil saxlaya bilmir. Bu, yerli istehsalın həcmindən çox, dünya bazarında buğda qiymətlərinin artıb-azalması ilə bağlıdır. Azərbaycanda buğdanın qiyməti əsasən yerli bazarda deyil, dünya bazarında formalaşır. Hazırda isə dünya bazarında qiymətlərdə kəskin dəyişiklik müşahidə olunmur. Buna görə də Azərbaycanda buğdanın qiymətində bahalaşma və ya ucuzlaşma gözlənilmir”.
Qeyd edək ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) 12 iyun 2025-ci il tarixli hesabatına əsasən, 2025/2026-cı məhsul ili üzrə qlobal buğda istehsalının 2024/2025-ci ilə nisbətən 9 milyon ton artaraq 809 milyon ton olacağı proqnozlaşdırılır.
Lakin artan istehsala baxmayaraq, qlobal buğda ehtiyatlarının 263 milyon tona düşəcəyi və ehtiyatların istehlaka nisbətinin 32 faiz səviyyəsində olacağı gözlənilir ki, bu da bazarda gərginliyin göstəricisidir. Dünya buğda ticarətinin isə 3,9% artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Bunun əsl səbəbi buğda əkin sahələrinin azaldılmasıdır.Əkinə yararıl torpaqlar məmurlar tərəfindən özəlləşdirilir.təyinatı dəyişdirilir və ya istifadəsiz qalır.Dövlət nəzarəti yoxdur.Pərakəndəlik hökm sürür.Kənd təsərrüfatı ciddi idarə olunmur.
NESE KEND TESERRŮFATI 4 -5 ILDIR PARALIC VURUB.
Maraqlanan oubmu ki,niyə buğda istehsal azalıb?.Bunu bilmək üçün buğda əkin sajhələrinin icra başçları və digər yüksək vəlzifəli məmurların zəbt etməsi və buğda əkinini ləğv etməsidir.BeləlikləƏkin sahələri azalıb.Bunu təsdiq etmək üçün statistikaya müraciət etmək olarki. 10-20 il öncə Azərbaycanda taxıl əkin lərinəqədər olub vəbu gün nə qədər qalıb.
Çörəyin qiyməti ilə alver etməyin mənası yoxdur.Yaxşı olar ki.hər gün.ay artan un məhsularından hazıranan digər məhsulların qiymətəri kəllə çarxa qalxıb.buna diqqət edən var?4 nəfərdən ibarət aiə gündə1 və ya 1.5 çörək istifadə edir ki,bu da 60-90 qəpik edir.Bun 5-10 qəpik bajalaşması ayda 2-3 manat edir.Bəs digər məhsular? Bunu nəzərə alan olubmu?Əhalinin əsas itkiləri bu un məmulatlarında olur ki,bu bununa maraqlanan yoxdur.