Rusiya Maliyyə Nazirliyi 2026–2028-ci illər üçün federal büdcə layihəsini açıqlayıb.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, layihəyə əsasən, əlavə dəyər vergisinin (ƏDV) standart dərəcəsi 2026-cı il yanvarın 1-dən 20%-dən 22%-ə yüksəldiləcək. Hesablamalara görə, bu addım büdcəyə hər il bir trilyon rubl əlavə vəsait gətirəcək. Əlavə gəlirin əsas hissəsi müdafiə və təhlükəsizlik sahələrinə yönəldiləcək.
Layihədə bildirilir ki, sosial əhəmiyyətli məhsullar – qida, dərman preparatları, tibbi məhsullar və uşaqlar üçün mallar üzrə ƏDV-nin güzəştli 10%-lik dərəcəsi saxlanacaq.
Bundan əlavə, Maliyyə Nazirliyi büdcənin gəlir bazasını artırmaq məqsədilə bir sıra digər tədbirlər də təklif edir:
* Pandemiya dövründə tətbiq olunan sığorta haqlarına müvəqqəti güzəştlərin ləğvi;
* ƏDV-nin sadələşdirilmiş ödəmə sxeminə daxil olma gəlir həddinin 60 milyon rubldan 10 milyon rubla endirilməsi;
* Bukmeker şirkətlərinin vergiyə cəlb edilməsi;
* Ən iri dövlət şirkətlərinin özəlləşdirilməsi.
Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ƏDV-nin büdcəyə təxminən 16 trilyon rubl gəlir gətirəcəyi gözlənilir. 2026-cı ildə isə dərəcə artırılmadan bu rəqəmin 17 trilyon rubla çatacağı planlaşdırılır. Tarixi müqayisəyə əsasən, 2019-cu ildə ƏDV-nin 18%-dən 20%-ə qaldırılması büdcəyə 500 milyard rubl əlavə gəlir təmin etmişdi.
Ekspertlər bildirirlər ki, ƏDV-nin artırılması qısamüddətli dövrdə inflyasiyanı təxminən 1 faiz bəndi yüksəldə və istehlakçı tələbinə mənfi təsir göstərə bilər. Lakin uzunmüddətli perspektivdə bu tədbir büdcə kəsirini azaltmağa və maliyyə sistemini sabitləşdirməyə imkan verəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər