Məlum olduğu kimi, 1 oktyabr 2025-ci il tarixindən etibarən ölkədə ictimai nəqliyyatda gediş haqqı artırılacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib. 

Qeyd olunur ki, yeni tariflərin tətbiqi əsasən ekoloji cəhətdən təmiz avtobuslara və yalnız nağdsız ödəniş sistemi ilə işləyən marşrutlara aid olacaq. Bildirilir ki, qiymət artımının məqsədi daşıyıcıların maliyyə dayanıqlığını artırmaq, avtobus parkını müasirləşdirmək və sərnişindaşımada şəffaflığı təmin etməkdir.

Məlumat üçün bildirək ki, hazırda metro və avtobusda gediş haqqı 50 qəpik təşkil edir. Bu halda bir nəfərin gündəlik gediş-gəlişi (metro və avtobusla) 2 manat təşkil edir – 1 manat metroya, 1 manat isə avtobusa sərf olunur. 

Aylıq hesabla ( orta hesabla 25 iş günü) bir nəfərin ümumi xərci minimum 50 manata, dörd nəfərlik ailənin xərci isə 200 manata bərabərdir.

Qiymətlərin 60 qəpiyə qaldırılmasından sonra isə gündəlik gediş-gəlişin qiyməti bir nəfər üçün 2 manat 40 qəpik olacaq. Artıq metroya 1 manat 20 qəpik, avtobusa da 1 manat 20 qəpik xərclənəcək. Aylıq hesablamada bir nəfərin xərci 60 manata, dörd nəfərlik ailənin xərci isə 240 manata çatır.


Beləliklə, qiymət artımı dörd nəfərlik ailənin aylıq nəqliyyat xərclərini azı 40 manat artıracaq. Bu fərq minimum əməkhaqqı ilə müqayisədə diqqət çəkir. Hazırda minimum əməkhaqqı 400 manatdır və təkcə nəqliyyat xərclərindəki bu dəyişiklik ailə büdcəsinə təxminən 10 faiz əlavə yük yaradır. Yəni, qiymət artımı gündəlik həyatda xırda məbləğ kimi görünsə də, aylıq hesablama zamanı azgəlirli ailələr üçün ciddi maliyyə yükünə çevrilir. Buna görə də hökumətin minimum əməkhaqqını da artırması zəruridir. 

Bu barədə iqtisadçı Natiq Cəfərli "AzPolitika"ya şərhində bildirib ki, bu günə qədər ictimai nəqliyyatda bir neçə dəfə qiymət artsa da, keyfiyyətin yüksəlməsində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmayıb: “Son 10 ildə bu sahədə bu addımlar atılıb. Bəs keyfiyyət artıbmı? Təəssüf ki, yox. Ona görə də bizdə ictimai nəqliyyatda qiymət artımı yalnız bu sahədə xidmət göstərən dövlət və özəl şirkətlərin gəlirlərini artırır, keyfiyyəti isə artırmır”.

 “Biz dəfələrlə təklif etmişik ki, günlük, saatlıq, həftəlik, 6 aylıq və 1 illik biletlər olmalıdır. Gediş qiymətə yox, zamana bağlı olmalıdır. Belə olduqda birdəfəlik gediş haqqının heç bir əhəmiyyəti olmayacaq. Bu isə əsasən turistlərə və nəqliyyatdan az istifadə edən sərnişinlərə aid ola bilər. Amma təəssüf ki, bunu həyata keçirmirlər. Bu haqda müzakirələr getsə də, əməli addımlar görməmişik. Ona görə də düşünürəm ki, nəqliyyatda gediş haqqının artımı ilə keyfiyyətin artımı arasında heç bir bağlılıq yoxdur. Bu günə qədər biz bunu görməmişik, bu artımdan sonra da keyfiyyətin yüksələcəyini söyləmək çox çətindir”, – deyə ekspert qeyd edib.

İqtisadçı Xalid Kərimli isə "AzPolitika"ya şərhində bildirib ki, metro və avtobus insanların kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitələridir və burada qiymətlərin 20 faiz artırılması aztəminatlı insanlara problem yaradacaq: “Amma operatorlar və özəl sektor xərclərinin ciddi şəkildə artdığını, ziyanla işlədiklərini əsas gətirirlər. Onlar həm də avtobus parkının yenilənməsi üçün çox böyük vəsait tələb olunduğunu vurğulayırlar. Hökumət də qiymətləri birdən-birə yox, tədricən artırır. Ötən ili xatırlayırsınızsa, gediş haqqı 40 qəpikdən 50 qəpiyə qalxmışdı, bu il isə 60 qəpiyə çatdı”.

 “Qiymətlərin artmasının səbəbi kimi göstərilir ki, avtobuslar xaricdən alınır, onların ehtiyat hissələri idxal olunur, yanacaq isə dünya bazar qiymətləri ilə eynidir. ABŞ-da benzin qiymətləri ilə Azərbaycandakı qiymətlərin demək olar ki, eyni olması buna nümunədir. Amma ölkə daxilində işçi qüvvəsinin maaşı Amerikadakından qat-qat aşağıdır. Hökumət ya avtobus parkını yeniləməməli, bu xidmət sınıq-salxaq avtobuslarla göstərilməlidir, ya da deyir ki, parkı yeniləyək, nağdsız ödənişə keçək. Amma bütün bunlar sahibkarların xərclərini artırır və nəticədə qiymət artımı qaçılmaz olur”, – deyə ekspert qeyd edib.

Ekspert sahibkarların bu sahədə üzləşdikləri çətinliklərə də toxunub:“Avtobuslar çox bahalıdır, sahibkarlar onları almaq üçün kredit götürürlər, üstəlik baxım xərci də var. Əmək bazarında isə işçi tapmaq çətindir. Bütün bunlara görə sahibkarlar qiymətlərin artırılmasını tələb edirlər. Hökumət də bu müraciətləri araşdıraraq mərhələli şəkildə qiymətləri artırır. Hətta təkliflərdən biri dövlət büdcəsindən subsidiya ayrılması, mərkəzləşdirilmiş fond yaradılması idi. Bu məsələ ilə bağlı da hökumət AYNA-ya 2–3 ay vaxt vermişdi ki, təklif hazırlayıb təqdim etsinlər. Avtobuslara subsidiya məsələsi də gündəmdədir”.

Xalid Kərimlinin fikrincə, qiymət artımı keyfiyyət dəyişikliyi ilə müşayiət olunmayacaq. Amma elektriklə işləyən, CNG ilə hərəkət edən müasir avtobusların alınması üçün şərtlər yaradılarsa, bu, provayderlər üçün maraqlı ola bilər və onları bu tip avtobuslar almağa həvəsləndirə bilər.

Qeyd  edək ki, son illərin statistik təhlilləri göstərir ki, ölkədə ictimai nəqliyyatda gediş haqqının artım tempində ciddi canlanma müşahidə olunur.


Məsələn, 2007–2017-ci illərdə avtobus və metroda sərnişin daşıma qiymətləri 20 qəpik təşkil edirdisə, 2018-ci ildən sonra gediş haqları 30 qəpiyə artırılmışdı. Bu dövr ərzində artım 50% olmuş, yəni orta illik artım təxminən 4,5% təşkil etmişdir. 2018–2024-cü illərdə tarif daha sürətlə artaraq 50 qəpiyə çatmış, bu isə 66,7%-lik artım deməkdir. Bu, illik ortalama 10,7%-lik artım göstəricisidir ki, əvvəlki dövrə nisbətən iki dəfə yüksəkdir. Ümumilikdə, 2007–2024-cü illər ərzində Bakı avtobus tarifləri 150% artmışdır. Sözügedən artım həm iqtisadi faktorlarla, həm də nəqliyyat xərclərinin yüksəlməsi ilə izah olunur.

Metroya gəlincə, burada da son illər gediş haqqının artımı diqqətçəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövrdə illik orta artım təxminən 6,7% təşkil edib.

Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha da sürətlənib – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5% təşkil edib ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir. Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil bir daha göstərir ki, avtobusda olduğu kimi, burada da artım tempi xüsusilə son iki ildə sürətlənib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"