Elçin Rüstəmli
Oktybarın 1-dən ictimai nəqliyyatda gediş haqları minimum 60 qəpik olacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) heç bir dövlət qurumu ilə məsləhətləşmədən belə qərara gəlib ki, qiymətləri 20 faiz artırmaq lazımdır. Uzun cümlələrlə dolu açıqlamadan məlum olur ki, qısası, pul lazımdır, onun da ən rel ünvanı vətəndaşın cibidir. Özü də gündəlik avtobusdan, metrodan istifadə edən tələbənin, pensiyaçının, günəmuzd dolanan vətəndaşın cibi...
Ailə büdcələri bu qərardan sonra ayda 30-50 manat aralığında yüklənəcək. Az yük deyil, onların əməkhaqqı 400-800 manat, gündəlik işləyənlərin qazancı 20-30 manat civarındadır. Rəsmi statistikada orta aylıq maaş 1100 manat göstərilir, bu, “yağlı vəzifələrdə” 3-5 min manat maaş alanla, 400-500 manat gəlir əldə edən sadə vətəndaşın orta gəlir göstəricisidir. Hökumət belə “qızıl orta” tapıb özünə yaxşı göstərici düzəldir...
Azərbaycanda muzdla çalışanların yarıdan çoxu 500-800 manat maaş alır. Müəllimlər, tibb işçiləri, büdcə təşkilatlarında, kommunal qurumlarda çalışanlar, hətta polis əməkdaşlarının bir çoxu...
Ölkədə işi olan qaz vurub-qazan doldurmur, manatı-manatın üstünə qoyub bu aydan o biri aya keçinməyə çalışırlar.
RİNN-in qazanc hədəfi bu təbəqələrdir. Baxmayaraq ki, son bir ildə hətta rəsmi statistikada onların gəlirləri cüzi artıb, onu da bahalaşan ərzaq, dərman və s. zəruri malların qiymətləri çoxdan silib-süpürüb, amma nazirlik deyir, elə şey yoxdur, bir çömçə də bura qoy!...
İştah diş alıtndadır, görünür, RİİN-in ötən il internet tariflərini birdən-birə 40 faiz bahalaşdırıb, aylıq minimum 25 manat təyin etməsi yaxşı gəlir gətirib. Etiraz-filan da olmadı, antiinhisar qurumu bir-iki ağız mızıldanıb aradan çıxdı, sonradan deyəsən, onun da formasını dəyişib başqa quruma çevirdilər.
Ötən həftə nazirliyə tabe olan Bakı Taksi Xidməti MMC hava limanında monopoliya elan etdi. Bəyan olundu ki, aeroportdan ancaq nazirliyin avtomobilləri müştəri götürəcək. Pəh... həmin gün taksi qiymətləri kəllə-çarxa çıxdı, camaat tökülüşüb sosial şəbəkələrdə etiraz elədi, amma RİNN rəhbərliyinin tükü də tərpənmədi. İş o yerə çatdı ki, Ombudsman da nazirliyin bu hədsizliyinə etiraz elədi, amma heyhat... o da havada qaldı. Ola bilsin, bu gün-sabah Ombudsmanı da MMC-yə filana çevirib formasını dəyişsinlər.
Bəlkə də çox adam bilmir, kasıb təbəqənin cibinə girmək üçün çeşidli yollar düzüb-qoşan RİNN ölkədə ən yekə nazirlikdir. Ona tabe olan qurumların siyahısına baxanda adamın gözü qaralır. Yerdən göyə qədər uçan, qaçan, sürünən, üzən nə varsa, bu nazirliyə, nazir Rəşad Nəbiyevin müşahidə şurasının sədri olduğu AZCON Holdinqə tabedir. Bu siyahını ancaq Rəşad müəllimin dostu, dünyanın ən varlı adamı İlon Maskın şirkətlərinin sayı ilə müqayisə eləmək olar. Yeri gəlmişkən, inanıram ki, cənab Mask, dostununun kasıb adamlarla “uğraşdığını” eşidib məyus olar. Onun özü Tramp hökumətində struktur, məmur qoymamışdı, çoxunu bağlayıb, on minlərlə işçini bayıra tökmüşdü. Di gəl, RİNN-in təsərrüfatına bax, publik hüquqi şəxsdən barmaq basmağa yer yoxdur.
Ölkədə bir quruma böyük səlahiyyət verib inhisarçıya çevirməyin heç də yaxşı təcrübə olmadığı məlumdur. Bir az keçmişə boylananda ləğv edilmiş, bölünmüş-parçalanmış nazirliklərin “qəbristanlığını” görmək olur. Məsələn, elə Ziya Məmmədovun rəhbərliyi dövründə Nəqliyyat Nazirliyi ucu-bucağı görünməyən dövlət qurumu idi. Onu işdən çıxardılar, nazirliyi də tikələyib RİNN-in tabeliyinə veriblər.
Üstəlik:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi"
“Dövlət Dəniz və Liman Agentliyi” "Azərbaycan Respublikasının Kosmik Agentliyi
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"
"Azərpoçt" MMC
"AzInTelecom" MMC
"Aztelekom" MMC
"Bakı Taksi Xidməti" MMC
"Bakı Telefon Rabitəsi" MMC
Dövlət Radiotezliklər İdarəsi
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC
"İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC
"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən ibarət nəhəng nazirlik qurulub.
Nazirliyin nəhəngliyi həm də ondadır ki, əhaliyə satdığı xidmətlərə qiyməti özü qoyur. İnternetə, taksiyə, indi də avtobusa və metroya... Əvvəllər bu işlə Tarif Şurası məşğul olurdu, qiymətləri də gecəyarı qaldırıb camaatdan ehtiyatlandığını büruzə verərədi, amma idmançı görkəmli RİNN-in belə qayğısı yoxdur. Nazirliyin bir “üstünlüyü” də odur ki, xərclədiyi pulların hesabatını vermir. Məsələn, hörmətli Rəşad müəllimin yarandığı gündən rəhbərlik etdiyi “Azərkosmos”un zərəri 380 milyon manata çatıb. Bu zərər nədən yaranıb, səbəb filan nədir, açığı bu nə hökumətin, nə parlamentin, nə də camaatımızın vecinə deyil. Heç RİNN-in tabeli strukturu AYNA-nın 2024-cü ilə yaradılan «STP-BTECH» MMC-yə 53 milyon manatı niyə tendersiz ötürdüyünü də sorğulayan yoxdur. Yoxdursa, dəli deyillər, durub hesabat zad verib özlərini əziyyətə salsınlar.
Yazıb deyinirik, bəlkə də iş-güc çoxdur, ona görə vaxt çatdırmırlar, çünki cənab Nəbiyev təkcə RİNN-ə rəhbərlik eləmir, o "Azərbaycan Hava Yolları" QSC, "Bakı Metropoliteni" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, və Bakı Gəmiqayırma Zavodunun daxil olduğu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Müşahidə Şurasının sədrdir. Bu qədər qapalı səhmdar cəmiyyətlərinin yığışdığı yerdə adam yumşaq desək, dəli olar. Qapalı MMC-lər qapalı hesabatlar, qapalı zərərlər... Təkcə Bakı Metropolitenin yığılmış zərəri 600 milyon manat civarındadır. Bu, 10 qəpiklə sağalan yara deyil...
“AzPolitika.info”

Şərhlər
Sanki bu millətdən olanlar öz camaatına düşmən kəsilib. Tənqid eləyənlərə əvəlcədən; Bu hökuməti ancaq ermənilər Tənqid edə bilər deyirlər. Bu sözləri deyəcək qədər alçaq olduqlarını bilmirlər görəsən? :(
Çox gözəl bir ənənə yaranıb, sanki yarışa giriblər, az qalır ki, bütün Dövlət müəssisələri zərərlə işləsin...Azərsu, Azərişığ, Azəristilik, Azəriqaz, Metro, Qaçqınkom, Anama, Müdafiə Nazirliyi və s. və i...axı neynəyirlər ki, rentabelli, yəni gəlirlə işi, gəlirlə işləməkçün əziyyət çəkməlisən, kadrların savadlı, təcrübəli, işgüzar olmalıdır. Belədəisə nə savad, nə təcrübə, nə işə can yandırma, nə tələbkarlığ və s. və i...Bir sözlə Dövlətin büdcəsini nə qədər bacarırsan çap-tala...