Avropa Komissiyası Ukraynaya Makromaliyyə Yardımı (MFA) çərçivəsində növbəti – doqquzuncu fövqəladə kredit tranşını ayırıb. Bu dəfə Kiyevə 4 milyard avro vəsait köçürülüb.
Ümumilikdə MFA çərçivəsində nəzərdə tutulan kredit paketi 18,1 milyard avro təşkil edir və bu məbləğ “Extraordinary Revenue Acceleration” (ERA) adlı G7 təşəbbüsünün bir hissəsidir. Sözügedən təşəbbüs çərçivəsində Ukraynaya ümumilikdə təxminən 45 milyard avro maliyyə dəstəyinin ayrılması planlaşdırılır.
Yeni ödənişlə birlikdə Avropa Komissiyasının 2025-ci ilin əvvəlindən bəri Ukraynaya göstərdiyi ümumi maliyyə dəstəyi 14 milyard avroya çatıb.
Avropa Komissiyasının bu addımı qurumun Kiyevə dəstəyinin davamlı olduğunu nümayiş etdirir. Xatırladaq ki, Komissiya sədri Ursula fon der Lyayen sentyabrda Avropa İttifaqının illik vəziyyətinə dair çıxışında 6 milyard avronun əvvəlcədən köçürüləcəyini elan etmişdi. Bu qərar Avropa liderlərinin martda keçirilən fövqəladə sammitində Ukraynaya maliyyə yardımının sürətləndirilməsi çağırışına cavab olaraq qəbul olunmuşdu.
Hazırkı tranşın 3 milyard avrosu məhz əvvəlcədən köçürülmə paketinə daxildir, qalan 1 milyard isə planlaşdırılmış ödənişdir. Bu vəsaitin 2 milyard avrosu Ukraynanın pilotsuz uçuş aparatları (PUA) almasına yönəldiləcək.
Qeyd edək ki, G7 ölkələrinin ERA çərçivəsində verdiyi kreditlər, eləcə də Avropa Komissiyasının MFA proqramı üzrə ayırdığı vəsaitlər Avropa İttifaqında dondurulmuş Rusiya dövlət aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilir.
Rasim
“AzPolitika.info”


Şərhlər