"Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal güc mərkəzinə çevrilməsi geosoyasi zərurətdir".
"AzPolitika" xəbər verir ki, bunu keçmiş deputat, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, geosiyasi dəyişikliklər türk dövlətlərinin birgə hərəkət etməsini, vahid güc mərkəzi kimi çıxış etməsini qaçılmaz edir.
Q.Əlibəyli deyib: “Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diqtə etdiyi zərurətdir. Belə ki, müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir. ABŞ və Avropa ilə Rusiyanın geosiyasi qarşıdurmasına Çinin qoşulması yeni qlobal və regional güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır".
O, qeyd edib ki, təkcə böyük güclər deyil, Yaxın Şərqdə İsrailin təcavüzkar siyasəti və İranın artan diplomatik fəallığı da nəzərə alınmalı mühüm amillərdəndir. Onun sözlərinə görə, belə bir mürəkkəb şəraitdə Türk dövlətlərinin bir araya gələrək koordinasiyalı və vahid güc mərkəzi kimi çıxış etməsi ciddi aktuallıq kəsb edir.
“Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər və birgə maraqlarının digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər,” – deyə hüquqşünas vurğulayıb.
Qulamhüseyn Əlibəyli bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasında əməkdaşlıq sadəcə diplomatik və iqtisadi sahələri deyil, həm də hərbi-texniki sahələri əhatə etməlidir. Onun fikrincə, bu istiqamətdə artıq müəyyən təcrübə var: “Təşkilatın üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur. Və indiyə kimi Azərbaycan ilə Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib. Lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyır. Qəbələ sammitində isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlim keçirilməsi təklif olunur. Bu da türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər".
Q.Əlibəyli hesab edir ki, belə təlimlər türk ordularının koordinasiyalı fəaliyyətini və peşəkarlığını artırmaq baxımından ciddi rol oynaya bilər: “Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər".
Eyni zamanda, o bildirib ki, bu proses hələ ki, ümumtürk hərbi ittifaqının yaradılması demək deyil, lakin bu istiqamətdə ilk praktik addımlar sayıla bilər. “Əlbəttə, birgə təlimlərin keçirilməsi hələ vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Lakin birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının (bəzi dairələrdə “Türk NATO-su” da adlandırılır) yaradılması yolunda ilk addımlardan biri ola bilər,” – deyə Q.Əlibəyli qeyd edib.
Hüquqşünasın fikrincə, bu istiqamətdə real irəliləyişlərə nail olmaq üçün türk dövlətlərinin mövcud təhlükəsizlik və hərbi ittifaqlardakı statusları da nəzərə alınmalıdır: “Bu gün türk dövlətləri içərisində hərbi cəhətdən daha çox inkişaf etmiş Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verməklə heç bir hərbi blokda təmsil olunmur. Mərkəzi Asiyanın türk dövlətləri isə “rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Ona görə də ümumtürk hərbi ittifaqının yaradılması nə qədər arzuedilən olsa da, yaxın perspektivdə gerçəkləşməsi çətin görünür".
Qulamhüseyn Əlibəyli hesab edir ki, bu ideyanın reallaşması uzunmüddətli proses olsa da, artıq böyük güclərdə narahatlıq yaradıb: “Bu gerçəkləşmə uzaq perspektivdə olsa da, ABŞ-ni, Avropanı, Rusiyanı, Çini, İsraili və İranı indidən qorxu bürüyüb".
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər