Məmməd TALIBLI

İbrahim Nəbioğlunun “Gələcək özü gələcək” kitabının təbliğatının rezonansı çox dalğalara toxundu. İsti yay ayları bu kitabı tələsmədən rahatca oxudum. Düşündüm ki, sıradan bir kitabdır. Həm “bəh-bəhə”, həm də “dişə dəyən” bir məqalələr toplusudur.

Amma sonradan gördük ki, zarafat edə-edə bu kitabın ətrafında bir “ziyalı egidası” peyda oldu və məsələni ciddiləşdirdilər. Kitab ətrafında elə bir “şar” yaratdılar ki, onun toruna az qala adı, sanı olan insanların da düşdüyünü hiss edəcəkdik. Bəziləri hələ də o cazibə ətrafındadır.

Akademik Rəfael Hüseynov kitabın “dil səliqəsini, ifadə rəvanlığını” ifadə edən Ön sözü ilə oxucu marağının ciddiliyinə inandırmağa çalışmışdı.

Belə bir “xor oxuma” kampaniyasında kitab zövqü olan, kitabın kontentinin peşəkarcasına necə olacağının bilicilərindən hesab olunan yalnız təhsil eksperti Etibar Əliyevin tənqidi fikirlərini oxuya bildim.

Kitaba marağın ciddiləşdirildiyi bir məqamda kitabı oxuyan bir insan olaraq fikirlərimi yazmağa məcbur oldum.

İstərdim, ilk olaraq kitabın müsbət tərəflərindən bəhs edim. Kitabda elm, təhsil və texnoloji yeniliklərlə bağlı yeni statistikaları görmək olar. Kitabın müxtəlif mövzulardan təşkil olunması müəllifin maraq dairəsinin geniş olmasından xəbər verir. Yeni trendləri izləyib, informasiya axınlarından əhəmiyyətli şeyləri əxz etməyi bacarıb və oxuduğu kitablara istinad etdiyinə də rast gəlmək olur.

Kitabın ikinci müsbət tərəfi rus dili sevgisinə tutulmuş “tolstoyskilərə” tutarlı cavabları və ələsalan sarkazmları da var. Bu mövzuda 12-dən çox mövzular fikrimcə, təsirli mövzular hesab oluna bilər. Rus dilində təhsil “modasını”nın mahiyyətini yaxşı açıb.

“Tədris hansı dildə olmalıdır?” sualına müəllif çox konkret olaraq belə nöqtə qoyur: “Tədris ana dilində olmalıdır. Anamızın dilində...” Kitabı ümumi planda niyə aşağı keyfiyyətli kitab kimi qiymətləndirirəm sualına cavablarımı sizlərlə bölüşmək istəyirəm.

Əvvəla qeyd edim ki, kitabın adı çox gurultulu səslənir. Gələcəyə proyeksialanmış kitabda heç bir əsaslandırılmış futuroloji ssenari və hipotez yoxdur. Halbuki müəllif “insanları xəyal qura bilməyən ölkədə elmin gələcəyi yoxdur” yazır. Xəyali olaraq elmin gələcəyinin xəritəsin çəkə bilmədiyin qeyri-müəyyən gələcəyin nə vaxt gələcəyini necə müəyyənləşdirə bilirsən?

Bu mənada kitabda toplanmış məqalələrin və esselərin məzmununun harası gələcəkdən xəbər verir sualına cavab vermək mübahisəlidir. Bu əlaqəsiz informasiyalar və onlara kiçicik şərhlərin harası gələcəyi bizə yaxınlaşdırır və həmin dar pəncərədən gələcəyi necə gördüyümüzü aydınlığı ilə ifadə edir.

Hər yazıya oxunası kitab materialı kimi baxmaq olmaz: epizodik fikir, sosial şəbəkə statusu, wikipediya məlumatları və s. ilə düşündürücü mətnlər adlandırmaq olmaz. Onları kitab materialları da hesab etmək çətindir.

Mənim şəxsi düşüncəmə görə, bu kitabın 60-70 faizi kitab materialları deyil. Yalnız 30 faizlik materialları seçib saxlamaqla orta ölçülü kitab nəşr etmək olardı. Bu kitabı oxuyanlara da tövsiyyə edərdim ki, bu kitabın 2\3 hissəsini oxumadan keçə bilərlər. Kitab kimlər üçün maraqlı ola bilər sualı verilsə, mən deyərəm: “Kim ki, “milyonçu” verilişinə çıxmaq istəyirsə, kitabda biri-biri ilə əlaqəsiz materiallardan faydala bilər.”

Kitabın 10-15 səhifəsin oxuyandan sonra sənə lazım olan bir yaddaqalan bir fakt, elmi dəlil və qalıcı dəyər ola bilən bir məlumat əldə edə bilmirsən ki, nə zamansa sənə lazım ola bilər. Bu baxımdan kitabda informativ yükü haradasa rast gəlmək olur, akademik məzmun baxımından isə kitab çox zəifdir. Kitabın kontenti və düşündürücü mətnləri yox dərəcədədir desək, daha doğru olar. Kitab materialı düşündürücü mətn olmalıdır. Lakin orada olan materialları “antiplagiat”ın filtindən keçirsək, mənbələri çox asanlıqla qarşımıza çıxara bilər. Bu baxımdan kitabdakı mətnlər akademik tələblərə cavab verməməklə bərabər çoxlu sayda texniki nöqsanları ilə də diqqəti cəlb edir. Hətta kitabı oxuduqca (qeydləri etmişəm) çoxlu sayda texniki xətalar və orfoqrafik səhvləri də görmək olur. Hətta belə səhvləri o qədər görürsən ki, insana elə gəlir bu kitabın redaktoru və korrektoru olmayıb. Yazı səliqəsizliyi və üslubsuzluğu açıq-aydın özünü biruzə verir.

Kitabı oxuduqca görürsən ki, müəllifin ümumiyyətlə yazı üslubu və mətni çatdırılma texnikası yoxdur. Sadəcə oradan-buradan “diddikləri” ilə kitab adında “pambıq fabriki” tikmək yerinə kiçik bir “xammal müəssisəsi” tikə bilib. Hətta bunu “emal” müəssisəsi səviyyəsinə də çatdıra bilməyib...

(Yazı müəllifin facebook hesabından götürülüb)