Menu

Müharibə hələ 3 il də davam edəcək? – Polşa Avropanı hazır olmağa çağırır

15.10.2025, 15:03
Müharibə hələ 3 il də davam edəcək? – Polşa Avropanı hazır olmağa çağırır

Polşanın Xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Avropa Rusiyanın qitənin dərinliklərinə mümkün zərbələrinə hazır olmalıdır. O, müasir müdafiə sistemlərinin, o cümlədən Avropanın şərq sərhədlərində “dron divarı” layihəsinin hazırlanmamasını məsuliyyətsizlik adlandırıb.

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, polşalı nazirin sözlərinə görə, Rusiya Avropanın dərinliklərinə zərbələr endirməyə qadirdir və Avropa dövlətləri buna qarşı durmağa hazır olmalıdırlar. Bu sözləri o, Britaniya parlamentinin binasında Ukraynada vurulan İrana məxsus “Şahed-136” pilotsuz təyyarəsinin yanında çıxışı zamanı deyib.

Polşa diplomatiyasının rəhbəri qeyd edib ki, Avropa ölkələri Ukraynanı ən azı daha üç il dəstəkləməyi planlaşdırmalıdır. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi də müharibənin məhz bu müddət davam edə biləcəyi fikrindədir.

Sikorski ümid etdiyini bildirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevi Rusiya infrastrukturuna zərbələr endirmək üçün istifadə oluna biləcək uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri ilə təmin edəcək.

O əlavə edib ki, Avropanı qorumaq üçün Ukraynaya hərbi yardım, xüsusilə hava hücumundan müdafiə, eləcə də qısa və orta mənzilli silahlar sahəsində gücləndirilməlidir. Sikorski Polşa səmasında Rusiyaya məxsus pilotsuz təyyarələrin və Estoniya üzərində döyüş təyyarələrinin görünməsinə işarə edərək, Kopenhagen yaxınlığında müşahidə edilən pilotsuz təyyarələrin mənşəyinin hələ müəyyən edilmədiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Moskvanın NATO ölkələrinə hücuma hazırlaşdığına dair iddiaları “cəfəngiyyat” adlandırmışdı. Necə ki, bir zamanlar Ukraynaya hücumla bağlı da eyni şeyi deyirdi…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol