Beynəlxalq Valyuta Fondu 2025-ci ilin oktyabr ayına olan qlobal iqtisadi tendensiyaların icmalını dərc edib. Rəqəmlər və proqnozlar heç də ürəkaçan deyil. Aparıcı iqtisadiyyatlar inkişaf tempində ciddi azalmalar göstərməkdədir. 

Çini çıxmaq şərtilə, böyük iqtisadiyyatların əksəriyyətində iqtisadi artım ya olduqca cüzidir, ya durğunluq səviyyəsindədir, ya da ümumiyyətlə azalmaya doğru gedir. Çinin özündə iqtisadi artım sürəti digərlərinə nisbətən yüksək olsa da, ciddi şəkildə yavaşlayır. Belə ki, Çində bu əsas makroiqtisadi göstərici keçən il 5%-dən bu il 4,8%-ə enib. 2026-cı ildə isə 4,2%-lik artım proqnozlaşdırılır. Son zamanlara qədər ikirəqəmli sürətlə böyüyən Çin üçün bu, ciddi həyəcan siqnalıdır. Baxmayaraq ki, Si Cinpin hələ 2020-ci ildə ölkə iqtisadiyyatını 2030-cu ilə qədər ikiqat artırmaq göstərişi vermişdi. Hazırkı durumda buna nail olunması olduqca problemli, hətta mümkünsüz görünür…

BVF-nin analitikləri qlobal artımın 2024-cü ildəki 3,3%-dən 2025-ci ildə 3,2%-ə və 2026-cı ildə 3,1%-ə kimi azalacağını proqnozlaşdırırlar. Lakin dünya iqtisadiyyatının aparıcı lokomotivlərinin durumu ortalama göstəricidən xeyli aşağıdır. Belə ki, aparıcı iqtisadiyyatlar keçən il 1,8%-lə müqayisədə bu il və gələn il cəmi 1,6% artacaq. Bu isə artım yox, resesiya deməkdir. Çünki 2 faizə qədər iqtisadi böyümə durğunluğa bərabər tutulur. ABŞ-nin özündə iqtisadi artımın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir: 2024-cü ildəki 2,8%-dən 2025-ci ildə 2% və 2026-cı ildə 2,1%-ə qədər.

Avropada vəziyyət daha acınacaqlıdır. Burada iqtisadi artım göstəricisi 2024-cü ildəki 0,9%-dən bu il 1,2%-ə qalxsa da, gələn il üçün 1,1% səviyyəsində proqnozlaşdırılır. Hətta Avropada ən yüksək artım göstərən İspaniyada belə, proqnoz 2024-cü ildəki 3,5%-dən bu il 2,9%-ə düşüb, 2026-cı ildə isə cəmi 2% proqnozlaşdırılır.

BVF analitikləri qeyd edirlər ki, Trampın tarif müharibəsi həyəcanverici gözləntilərin əksinə olaraq, hələ ki, qlobal iqtisadiyyata ciddi təsir göstərməyib, lakin perspektivdə əhəmiyyətli qeyri-müəyyənlik yaradıb. Bir sıra ölkələrdə, xüsusən də ABŞ-də sərt immiqrasiya siyasəti iqtisadi artıma mənfi təsir göstərə bilər. ABŞ-nin özü üçün işçi qüvvəsi çatışmazlığı son nəticədə ÜDM-in 0,3-0,5%-i itkisi ilə nəticələnir. Nəticədə immiqrantların işçi qüvvəsinin böyük hissəsini təşkil etdiyi tikinti, istehlak xidmətləri və kənd təsərrüfatı kimi bəzi sektorları digərlərinə nisbətən daha böyük inflyasiya təzyiqi ilə üzləşə bilər.

Potensial problemlərin digər mənbəyi ABŞ fond bazarında yüksək texnologiyalı şirkətlər və süni intellektlə bağlı yaşanan təlatümdür. Bu sahəyə G7 ölkələri böyük sərmayələr qoyur. Lakin bu investisiyalar gözlənilən gəlirləri verə bilməsə, ani və kəskin bazar korreksiyası baş verəcək ki, bu da əhəmiyyətli itkilərə səbəb ola bilər.

Dünya iqtisadiyyatındakı mənfi tendensiyaların Ukraynadakı müharibəni başlamaqla əsas səbəbkarlarından sayılan Rusiyanın özündə vəziyyət daha acınacaqlıdır. Belə ki, müdafiə sektoruna nəhəng investisiyalar qoyulması sayəsində ötən il iqtisadi artım sürəti 4,3%-ə çatan işğalçı ölkədə birdən-birə kəskin eniş yaşanmaqdadır. Belə ki, 2025-ci ildə iqtisadi artım 0,6%-ə enib. Gələn il üçün isə ən yaxşı halda, maksimum 1% nəzərdə tutulur.

Rusiyanın Milli Rifah Fondu artıq demək olar ki, “əriyib”, Qərb banklarındakı 300 milyard dollar faktiki müsadirə olunub, büdcəsində fantastik – təxminən 5 trilyon rublluq kəsir proqnozlaşdırılır və sair. Bu səbəbdən ölkədə vergilər artırılır, böyük şirkətlərlə yanaşı, orta və kiçik sahibkarlıq vergi tədbirlərilə sıxışdırılır, büdcəyə böyük məbləğdə cərimə proqnozları salınıb. Bununla da büdcə kəsirini azaltmağa və müharibəni maliyyələşdirməyə çalışırlar.

İqtisadi məsələlərlə bağlı keçirilən son müşavirədə Putin qeyri-neft və qaz gəlirlərinin 14% artdığını qeyd edib, lakin eyni dövrdə ümumi gəlirlərin cəmi 2,8%, xərclərin isə 21%(!) artdığını, yəni, xərclərin gəlirləri 7 dəfə(!) üstələdiyi barədə susub. İlin təkcə yeddi ayı ərzində federal büdcə kəsiri 2024-cü illə müqayisədə artıq 4,5 dəfə çoxdur. Bu, 4,9 trilyon rubl təşkil edir. Belə büdcə kəsiri Putinin hakimiyyəti dövründə heç vaxt olmayıb.

İlin sonunda büdcə kəsirinin daha da artacağı gözlənilir. Rusiyalı mütəxəssislərin hesablamalarına görə, 2025-ci ilin sonuna gəlirlər 40,7 trilyon, xərclər 46,6 trilyon olacaq və büdcə kəsiri 6,9 trilyona çatacaq. Hətta bəziləri ötən ilin dinamikasını nəzərə alaraq, kəsirin 10,7 trilyon rubl, yəni ÜDM-in 5%-ini təşkil edəcəyini deyirlər. Bu isə son 16 ildə ən böyük kəsir olacaq.

Əsas problem isə ondan ibarətdir ki, Rusiya Milli Rifah Fondunun(Bizdəki Neft Fondunun analoqu) likvid hissəsində 4 trilyon rubldan az vəsait qalıb. Vəziyyət əsaslı şəkildə dəyişməzsə, o zaman bu məbləğ dörd aydan az müddətə kifayət edəcək. Daha 5,1 trilyon rubl dövlətin Mərkəzi Banka olan xalis tələbləridir. Bu da təxminən 7 aya yetəcək. Beləliklə, Kremlin büdcəni qidalandırmaq üçün əli çatan vəsaitlər - ehtiyatlar cəmi bir ilədək tükənə bilər. Heç nə dəyişməsə, ondan sonra ya hər ay bir trilyon rubla yaxın borc götürmək, ya da pul çap etmək məcburiyətində qalacaqlar. Bu, Putin hökumətlərinin son 25 il ərzində qaçmağa çalışdığı 1990-cı illərin pul çapı və borc iqtisadiyyatına qayıtmaq olacaq. Bu da qaçılmaz inflyasiya, devalvasiya, sosial təlatümlər və s. deməkdir.

Rusiyalı mütəxəssislərin hesablamalarına görə, Ukraynaya qarşı müharibəyə federal və regional xərclər cəmlənərsə, ildə təxminən 8 trilyon rubl (100 milyard dollar), ayda 666 milyard rubl və ya gündə 22 milyard rubldan çox məbləğ alınır. Daha yüksək hesablamalar da var. Məsələn, Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun hesablamalarına görə, Rusiya müharibəyə gündə 47 milyard rubl xərcləyir. Bu isə ildə 200 milyard dollardan çox xərc deməkdir. Bu xərcə Rusiya iqtisadiyyatının dözə bilməsi isə qətiyyən inandırıcı deyil...

Təkcə insan həyatı baxımdan deyil, maliyyə baxımından da müharibə həmişə fəlakətdir. Rusiyada üç il ərzində bunu maskalamğa çalışıblar. İndi isə bu, mümkünsüz görünür. 2025-ci ilin federal büdcəsinin vəziyyəti bunun əyani sübutudur.

Bütün bunların Azərbaycana təsirinə gəlincə, mənfi təsirlər qaçılmazdır. Azərbaycan büdcəsi Rusiya büdcəsilə müqayisədə əlbəttə ki, yaxşı durumdadır. Amma ölkə iqtisadiyyatı zatən faktiki olaraq böyümür, artım göstəriciləri 1 faiz civarındadır. Böyük qonşu dövlətdəki durumun pisləşməsindən də bizim üçün yaxşı nəsə gözləməyə dəymir.

Artıq bir çox azərbaycanlı orta və iri iş adamları Rusiyadakı bizneslərini satıb, ya Azərbaycana qayıtmağa, ya da hansısa başqa bir ölkəyə üz tutmağa çalışırlar. Kiçik biznesi olanların isə əksəriyyəti artıq bunu edib. Rusiyadan ölkəmizə pul köçürmələrinin azalan dinamikasına baxsanız, bunu aydın görə bilərsiniz...

Ümumilikdə dünya o qədər qloballaşıb ki, istənilən halda, hazırkı çətin, proqnozlaşdırılması mümlkünsüz iqtisadi durumun başında duran əsas səbəblərdən biri Ukraynada davam edən müharibədir. Odur ki, bu ədalətsiz işğalçılıq müharibəsi bitməyincə, bütün regionlar, xüsusilə də Rusiya və Ukrayna ilə iqtisadi əlaqələri olan  keçmiş SSRİ məkanı iqtisadi təlatümlər təhlükəsilə üz-üzə qala bilər. Azərbaycan da bu sırada istisna deyil...

Təəssüf ki, Azərbaycan iqtisadiyyatında da bəzi xoşagəlməz tendensiyalar müşahidə olunur. Bizdə də büdcəyə böyük məbləğdə cərimə proqnozları salınır, vergi güzəştləri ləğv olunur, sahibkarların vergi və gömrük xərcləri artır. Baxmayaraq ki, ölkəmiz Rusiyadan fərqli olaraq, möhtəşəm qələbəsindən sonra heç kimlə müharibə aparmır. Rusiya kimi 30 minə yaxın sanksiya altında deyil, işçi qüvvəsi sarıdan problemi yoxdur, ölkəmizin xarici borcu dünya üzrə qəbul olunan səviyyədən qat-qat aşağıdır, Neft Fondunda 10 milyarlarla dollar vəsaiti var, zəngin təbii sərvətlərə və tranzit imkanlarına, turizm üçün möhtəşəm təbiətə və s. malikdir. Yəni, iqtisadi artım səviyyəsinə görə bütün dünyaya nümunə ola biləcək imkanlarımız var. Lakin xarici siyasət, hərbi və təhlükəsizlik sahəsində parlaq nümunə olan ölkəmiz iqtisadi sahədə yumşaq desək, hələlik buna tam nail ola bilmir…

Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı il dövlət büdcəsinin ilkin parametrləri və 2026–2029-cu illər üzrə makroiqtisadi göstəricilərinə nəzər yetirdikdə yaxın zamanda bizi gözləyən tendensiyalara dair müəyyən qənaət yaranır.  Hökumətin 2026–2029-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə isə 4,8 %. Lakin bunlar kifayət qədər optimist proqnozlardır. Çünki hökumət 2025-ci ildə də ÜDM artımını 3 % proqnozlaşdırmışdı, lakin real artım 1 faizin də altında olub. Bu reallıqdan çıxış etsək, deməli, heç nə dəyişməsə, növbəti illərdə də artım tempi 1 faiz civarında olacaq. 

2026-cı ilin büdcə proqnozlarına baxanda da vəziyyətin ideal olmadığını sezmək çətin deyil. Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə cəmi 67 milyon manat və yaxud 0,2 % çoxdur. Son illərdə büdcə gəlirlərində bu qədər zəif artım olmamışdı. Eynilə də xərclər cəmi 0.3 faiz(141 milyon manat) artaraq 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır. Bunu da artım adlandırmaq çətindir. 

Onu da qeyd edək ki, hətta bu büdcənin özü də optimist proqnozlar əsasında hazırlanıb. Belə ki, Maliyyə Nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar götürür və hesablamalarını bu qiymətlə aparır. Lakin hər şey tamamilə fərqli ola, qiymətlər enə bilər. Yaxın illərdə neft qiymətlərinin ortalama 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Büdcəmiz isə hələ də xeyli dərəcədə neft başda olmaqla, enerji daşıyıcılarından asılıdır.  

Keçmiş SSRİ liderlərindən biri demişdi ki, idarəçilikdə hər bir problemin konkret adı və soyadı var. Azərbaycan iqtisadiyyatındakı problemlərin də ad və soyadları var, yəni, iqtisadi sektora cavabdeh konkret məmurlar bu problemlərə görə öz adları, vəzifələri ilə ilk növbədə xalq, sonra isə parlament və Prezident qarşısında hesabat verməli və nahəyət, lazım olarasa, iqtisadiyyata baxış bucaqlarını dəyişməli, mövcud problemlərin həlli yolları ilə bağlı konkret təkliflərlə çıxış etməli, onların reallaşmasına nail olmalıdırlar.    

Elxan Qüdrətoğlu

“AzPolitika.info”