Hamı Volodimir Zelenskinin ABŞ-yə səfərini və Ukraynaya “Tomaqavk” raketlərinin verilməsini müzakirə edərkən, Vladimir Putinin Donald Trampla telefon danışığı yenidən vəziyyəti dəyişib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dediyinə görə, ABŞ-də çoxlu sayda “Tomaqavk” qanadlı raketləri olsa da, ölkənin öz müdafiəsi üçün onlara ehtiyacı var.
Tramp Vladimir Putinlə telefon danışığından qısa müddət sonra jurnalistlərə deyib: "Demək istədiyim odur ki, biz ölkəmizin ehtiyatını tükəndirə bilmərik. Onlar (raketlər-red.) çox vacibdir, çox güclüdürlər, çox dəqiqdirlər, çox yaxşıdırlar, amma bizim də onlara ehtiyacımız var, ona görə də bu barədə nə edəcəyimizi bilmirəm".
Putinin onu Kiyevə “Tomaqavk”ları verməməyə inandırmağa çalışıb-çalışmaması ilə bağlı suala Tramp belə cavab verib: “Əlbəttə (çalışdı-red.), bəs siz nə düşünürsünüz? Sizcə, o, nə deyəcək? “Zəhmət olmasa, bu raketləri Ukraynaya satın və mən çox minnətdar olaram?” Heç kim “Tomaqavk”ların onlara atəş açmasını istəmir".
Hadisələrin Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun təqdim etdiyi versiyasına görə isə Putin telefon danışığı zamanı Trampa uzaqmənzilli silahların Ukrayna ordusuna veriləcəyi təqdirdə ikitərəfli münasibətlər üçün ciddi fəsadlar olacağı barədə xəbərdarlıq edib. Konkret olaraq, o, “Tomaqavk”ların döyüş meydanında vəziyyəti dəyişməyəcəyi, əksinə, Moskva ilə Vaşinqton arasında münasibətlərə, eləcə də Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə həlli perspektivlərinə xələl gətirəcəyi iddiasını təkrarlayıb.
Tramp daha əvvəl “Tomaqavk”ları Ukraynaya təhvil vermək barədə “az qala” qərar verdiyini bildirmişdi, lakin qeyd etmişdi ki, bundan əvvəl Putinlə danışmağı, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevin uzaqmənzilli raketlərlə bağlı nə edəcəyini müzakirə etməyi planlaşdırır. Bu mövzunun Vaşinqtonda Tramp-Zelenski danışıqlarında əsas diqqət mərkəzində olacağı gözlənilirdi.
Tramp həmçinin iki həftə ərzində Macarıstanda Putinlə görüşəcəyini açıqlayıb. O qeyd edib ki, Putinlə telefon danışığı faydalı olub və bunun sayəsində xeyli irəliləyiş əldə edilib.
Tramp-Putin telefon danışığından sonra Zelenski deyib ki, Moskva “Tomaqavk”lar haqqında eşitdikdən sonra “dialoqu bərpa etməyə tələsir”. O vurğulayıb ki, Rusiyaya qarşı yalnız “güc dili” işləyə bilər.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesablamalarına görə,” Tomaqavk”ın 1600-2500 kilometr məsafədə uçuş mənzilinin olması Kiyevin bu cür raketlərlə təchiz olunarsa, Rusiyanın 1945-ə qədər hərbi obyektini hədəfə almasına imkan verəcək ki, bu da Rusiyanın hücum əməliyyatlarının təchizatı və dəstəyini ciddi şəkildə çətinləşdirə bilər.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Ukraynanın başında duran və siyasi cəhədən çox təcrübəsiz və cılız görünən Zelenski bu gün elə davranışlar sərgiləyir ki, sanki onun zamansız verdiyi qərarların günahkarı Trampdır. Çoxları Trampı dingiş və qeyri ciddi adlandıra bilərlər, amma Tramp ağıllı adamdır və Rusiuya ilə bir tərəfli qərarların veriləcəyi təqdirdə bunun nələrə mail olacağını, qayət iyi bilir və ona görə davranır. Hansı ki, də Putinin səsləndirdiyi "bəziləri Rusiyanı yox etmək istəyir. Amma bilməlidirlər ki, Rusiya olmayacaqsa dünya da olmayacaq" bu fikirindən sonra. Tramp da yaxşı bilir ki, Putin dəlidir və dediyini də yapar. Belə bir vəziyyətdə Zelenski, isə Trampla görüşlərdə elə davranır ki, sanki dedesine acıq eyləyir və özünü ərköyün uşaq kimi aparır. Bələkə də heç öz doğma dədəsinə qarşı heç bu qədər ərköyünlük yapmır (təbii dədəsi də sağdırsa əgər). Rusiya ilə Ukrayna arasında gedən dörd ilə yaxın bu müharibə dünyada və regoonda bu müharibə ilə bağlı baş verən prosesler onu göstərir ki, hazırki dönəmdə tərəflərin olduğu mövqelərdə müharibə ya dondurulmalıdır, ya da sülhə gedib, araya sülhməramlılar yeridilməlidir. Əks halda Ukraynanı daha böyük fəlakətlər gözləyir. Ona görə ki, artıq ilk gündən Zelenskinin ağlını Rusiyaya qarşı çalan Avropa artıq yorulub. Həm də onların çıxarları dalana dirənib. Amerikada Avropaya Ukraynaya ötürmələri üçün, heç vaxt pulsuz silah verməyəcək. Yəni məsələ bu qədər basit.