HƏMAS iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
"Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun telegram kanalında məlumat verilib.
Cəmiyyətin əməkdaşları sonra meyitləri Qəzza zolağındakı İsrail qüvvələrinə təhvil verəcəklər.
Meyitlər İsrailə aparılacaq, ardınca isə ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Oktyabrın 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Fələstinli əsirlərin əvəzində israilli girovların azad edilməsi və İsrail qoşunlarının qismən çıxarılması bu planın birinci mərhələsini təşkil edirdi.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qəzza zolağında qalan 15 girovun qalıqlarının qaytarılmasının mürəkkəb iş olduğunu və bir gecədə baş verməyəcəyini deyib.
"Bu, mürəkkəbdir və bir gecədə baş verməyəcək. Onların bəziləri minlərlə funt dağıntılar altında basdırılıb. Bəzilərinin yeri hətta məlum deyil", - o əlavə edib.
Vens onu da qeyd edib ki, HƏMAS-ın demilitarizasiyası da müəyyən vaxt aparacaq. Onun sözlərinə görə, Vaşinqton lazımi təhlükəsizlik şəraitini və atəşkəsin həyata keçirilməsini təmin etmək üçün humanitar struktur yaratmaq üçün tərəfdaşlarla işləyir.


Şərhlər