İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.
O bildirib ki, ölkədəki problemləri etiraf etmək və nöqsanlardan danışmaq zəiflik yox, islahatların başlanğıcıdır.
Yusif Pezeşkianın sözlərinə görə, Prezident Məsud Pezeşkian ölkənin gələcəyi ilə bağlı aydın bir plan və baxışa malikdir, lakin onun ideyaları ictimaiyyətə düzgün şəkildə çatdırılmır.
“Öz çatışmazlıqlarını qəbul etməyən bir şəxs heç vaxt islahatlara başlaya bilməz. Ən böyük problemimiz odur ki, biz illərdir insanlara faktları tam şəkildə deməmişik, bəzi həqiqətləri gizlətmişik. Cəmiyyət real vəziyyəti bilməlidir ki, addımlar da ona uyğun atılsın. İndi laylay demək vaxtı deyil — oyanmaq vaxtıdır,” – deyə Pezeşkian vurğulayıb.
O həmçinin bildirib ki, ölkənin mövcud vəziyyətindən çıxışı yalnız hökumət, parlament, məhkəmə sistemi, dini qurumlar və xalqın birgə əməkdaşlığı təmin edə bilər.
“Təkrarlanan üsullarla yeni nəticə əldə etmək mümkün deyil. Bəzən sistemi silkələmək lazımdır ki, dəyişiklik başlasın,” – o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl İranın “Vətən-e Əmruz” qəzetində “Məsud Pezeşkianın zəifliyinin nəticələri – Cənab Prezident, dayanın!” başlıqlı məqalə dərc olunmuşdu. Yazıda İran Prezidenti ölkənin problemləri qarşısında zəif mövqe sərgiləməkdə ittiham olunmuşdu.
"AzPolitika.info"


Şərhlər