Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Yeni məhdudiyyətlər Rusiya banklarını, kriptovalyuta birjalarını, həmçinin Hindistan və Çinlə əlaqəli bəzi təşkilatları əhatə edir.
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “X” sosial şəbəkə hesabından paylaşım edib.
“Biz az əvvəl 19-cu sanksiya paketimizi qəbul etdik. O, Rusiya banklarını, kriptovalyuta birjalarını, Hindistan və Çindəki bəzi təşkilatları hədəf alır. Aİ rus diplomatlarının hərəkətini məhdudlaşdırır ki, destabilizasiya cəhdlərinin qarşısı alınsın. Putin üçün bu müharibəni maliyyələşdirmək getdikcə çətinləşir”, -deyə o bildirib.
"Bloomberg" agentliyinin məlumatına görə, bu sanksiyalar paketi Moskvanın enerji gəlirlərini daha da azaltmaq və Vladimir Putini danışıqlara məcbur etmək məqsədi daşıyır.
Yeni qaydalara əsasən:
- 2027-ci ilin yanvarından etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) idxalı tam qadağan ediləcək – bu qərar əvvəl planlaşdırılandan bir il tez qüvvəyə minəcək;
- Rusiya bankları, Mərkəzi Asiyada fəaliyyət göstərən kredit təşkilatları və bir neçə kriptovalyuta birjasına qarşı yeni maliyyə məhdudiyyətləri tətbiq olunacaq;
- Çin və Hindistan şirkətləri də sanksiya siyahısına daxil edilib – bu şirkətlərin Rusiyanın sanksiyalardan yayınmasına yardım etdiyi bildirilir;
- Moskvanın hərbi sənayesində istifadə olunan malların ixracına 40 milyard avrodan çox dəyərində qadağa tətbiq edilib;
- Həmçinin 100-dən artıq əlavə neft tankeri “qara siyahı”ya salınıb. Bu gəmilər Rusiyanın enerji daşıyıcılarını qanunsuz şəkildə satmasına kömək etdiyi üçün cəza alıb. Beləliklə, sanksiyaya məruz qalan tanker sayı təxminən 550-yə çatıb.
"AzPolitika.info"


Şərhlər