Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvanda keçirilən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin ikitərəfli görüşündə iştirak edib və bu formatda keçirilən ilk dəyirmi masanı şərh edib.
Fərhad Məmmədov bildirib ki, oktyabrın 21–22-də baş tutan görüş Ermənistan və Azərbaycan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə həyata keçirilib. O qeyd edib ki, bu təşəbbüs 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəliyinin təşviqinə xidmət edir.
“Bu formatda keçirilən ilk görüş oldu. Tədbirin məqsədi Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin bir araya gələrək regional sülh gündəliyini müzakirə etməsi idi,” –F.Məmmədov bildirib.

Onun sözlərinə görə, görüş zamanı iştirakçılar Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinin perspektivləri, humanitar məsələlər, əlaqələrin normallaşması fonunda iqtisadi və logistika imkanları, etimadın qurulması üçün gələcək addımlar və mümkün əməkdaşlıq planlarını müzakirə ediblər.
“Sülh prosesinin davamlı və real nəticələr verməsi üçün yalnız dövlət strukturlarının deyil, cəmiyyətlərin də prosesə aktiv şəkildə cəlb olunması vacibdir. Cəmiyyətlərarası dialoq qarşılıqlı anlaşmanın və inamın formalaşmasına töhfə verə bilər,” – deyə o əlavə edib.
F.Məmmədov bildirib ki, tədbir çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüş keçiriblər. O qeyd edib ki, bu görüşlər bir tərəfdən rəsmi strukturlarla əlaqələrin qurulmasına, digər tərəfdən isə vətəndaş cəmiyyətinin fikirlərinin qarşı tərəfə çatdırılmasına imkan yaradıb.

“Bu tip təşəbbüslər davamlı olmalıdır. Təkcə ekspertlər deyil, medianın, gənclərin və müxtəlif sosial təbəqələrin də prosesə qoşulması vacibdir. Sülhə doğru atılan hər addım həm də bu iştirakın genişlənməsi ilə ölçülür,” – F.Məmmədov bildirib.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri sonda qeyd edib ki, bu görüş tərəflər arasında birbaşa və açıq dialoq üçün mühüm platforma olub və gələcəkdə bu tip görüşlərin həm format, həm də iştirak səviyyəsi baxımından inkişaf etdirilməsi məqsədəuyğundur.
"AzPolitika.info"


Şərhlər