Etibar ƏLİYEV

Fransua Moriak 1952-ci ildə «insan ruhunun dərinliklərinə və həyatın faciələrinə nüfuz edən dərin bədii gücə malik əsərlərinə görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Onun son dərəcə maraqlı “Xronofaqlar” essesini oxumağı tövsiyyə edirəm. “Xronofaq-yəni vaxtyeyən. Bu söz, səhv etmirəmsə, Monterlan tərəfindən uydurulub və insan cinsinin təhlükəli çoxnövlüyü anlamındadır.

Xronofaq - heç bir işi olmayan adamdır və bu adam vaxtı nəyə sərf etməyi, necə öldürməyi bilmədiyindən öz asudə saatlarını, daha dəqiq, vaxtının boşluğunu sizin vaxtınızı yeməklə doldurur. Bu canlının, bu həşaratın sırtıqlığı son dərəcə ağlasığmazdır. O öz həyatını sizə danışıb, sizdən də həyatınız barədə soruşacaq. Yaxşıdır ki, bütün başqa şeylərdən əlavə, xronofaq hələ gündəlik tutmur. Yoxsa sonradan ora qeyd edərdi ki, guya dəyişmisiniz, daha həminki adam deyilsiniz, əvvəlki həvəslə danışmaq qabiliyyətiniz harasa yox olub, deyəsən, artıq tükənmisiniz və sizinlə danışmaq az maraqlıdır - bir sözlə, onun ümidlərini doğrultmadığınız üçün xronofaq siz sarıdan bərk peşmandır. Susqunluğunuzun narazılığınızdan əmələ gəldiyinə inanmayan gələcək bioqraflar isə öz qeydlərində sizi aciz qoca kimi təqdim etməyi yaddan çıxarmayacaqlar.

Vaxtınızın bir hissəsini kəsib onun ağzına atmaqla xronofaqı doyuracağınıza ümid etməyin. Qətiyyən. O acgözdür. Birgə yemək yeyən adamlardan hansınınsa ehtiyatsızlıq edib cücənin qanadını atdığı köpək təzə yem dalınca necə qayıdırsa və pəncəsini irəli uzadaraq yalvarış dolu sümsük baxışlarla gözünü onu yemləyənin üzünə necə zilləyib durursa, qarşısındakının mülayim xasiyyətli, yumşaq xarakterli, ürəyiyuxa adam olduğunu aşkar edən xronofaq da öz tapıntısından eynilə o cür insafsızcasına sui istifadə edəcək. Hesab eləyin ki, atı mahmızlamısınız. Gecə yarısı sizi elə həmin yerdəcə tutacaq. Əgər saqqızınızı oğurlayıb sizi özünə cəlb eləsə, onda hesab edin ki, batdınız; artıq onun öz yuvasına apardığı sümüksünüz və əmin olun ki, axıra qədər sümürməyincə sizdən əl çəkməyəcək. Əgər o hələ öz dostlarını da üstünüzə qısqırtsa təsəvvür edin ki, sizi bütöv bir xronofaq sürüsü didib gəmirəcək. Bu canlılar sürü şəklində qruplaşırlar və öz ovlarını bir-biri ilə həvəslə bölüşürlər.

Sizə nəsihət: xronofaqlarıa münasibətdə sərt olun. Yumşaqlıq və utancaqlıqla heç nəyə nail olmazsınız. Əksinə, xronofaqların rifahı üçün mikroiqlimi məhz elə bu xüsusiyyətlər yaradır.

Xronofaqın canı çox bərkdir; eynən yırtıcı kimidir - o sizin həyatınızı parçalayır. Çünki bizim həyatımız elə vaxtdır, başqa bir şey deyil.

Mənim əzizim, gör Seneka iki min bundan qabaq öz dostu Lutsiliyaya nə yazmışdır; bu isə sübut edir ki, xronofaqlar hələ insan birliyinin təşəkkül tapdığı ən qədim çağlardan mövcuddur. “Hanı o adam ki vaxtı müəyyən qədər, lap az da olsa qiymətləndirir, hər günün üstündə əsməyi bacarır və zamanın onu anbaan dəqiqəbədəqiqə ölümə yaxınlaşdırdğını dərk edir?... Həyatı sabaha saxladıqca, o ötüb keçir. Heç nə bizə vaxt qədər məxsus deyil; vaxt-bizimkidir. Biz isə qarşımıza çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus bu yeganə var-dövləti işğal etsin...”

Sözümün canı başqadır: bu pis ovqatımda məni qəfil yaxalamağınız heç də əsas vermir ki, bəndənizi sizin iştirakınızdan, mənə xəsislikə bəxş etdiyiniz həmin anlardan məhrum edəsiniz.”