Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.
Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.
Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.
APA Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edib. Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.
"AzPolitika" rus dilində yazılmış həmin məktubun mətnini təqdim edir:
"Dövlət idarəetmə sistemində islahatlar barədə təkliflər
Son illər ərzində Azərbaycanda dövlət idarəetmə sistemini və iqtisadi həyatı əhatə edən dərin böhran, radikal islahatlar və dəyişikliklər tələb edir. Bir tərəfdən, mövcud idarəetmə strukturunun səmərəsizliyi hazırkı hakimiyyətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən, bu struktur qüsurlu, avtoritarizm ruhu ilə iflic olmuş sistemlə bağlıdır. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər
Dövlət idarəetməsinin yeni təsvirini və prinsiplərini hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına maneə yaradan sosial-iqtisadi həyat sistemindəki durğunluğun əsl səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır.
Strateji dövlət orqanlarının rəhbəri kimi topladığım çoxillik idarəetmə təcrübəsi, həmçinin Azərbaycanın tarixi və müasir siyasi həyatının problemləri üzrə daimi elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:
1. Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuz sahibi olan 50 nəfər görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Bu orqan seçkili olacaq və ümummilli səsvermə nəticəsində formalaşdırılacaq. Şuraya Dövlət Şurasının Sədri başçılıq edəcək, bu şəxsi isə öz növbəsində xalq tərəfindən seçilmiş Dövlət Şurasının üzvləri öz sıralarından seçəcəklər. Sədri tutduğu vəzifədən yalnız Dövlət Şurası üzvləri səsvermə nəticəsində kənarlaşdıra bilərlər.
Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam hakimiyyətə və nəzarət mexanizminə malik olacaq, həmçinin o, Konstitusiya Məhkəməsi və ölkənin Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilmiş qanun layihələrini və respublika hökumətinin qərarlarını təsdiq edəcək, güc strukturları və məhkəmə hakimiyyəti, Mərkəzi Bank və universitet rektorlarının vəzifələrinə namizədlər irəli sürəcək. Müvafiq olaraq, Şura zəruri hallarda parlamentin qanun layihələrinə və hökumətin qərarlarına qarşı istifadə edə biləcəyi veto hüququna malik olacaq.
Dövlət Şurasının fəaliyyəti sədr aparatı tərəfindən təmin ediləcək. Dövlət Şurasının sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərdən və hüquqi immunitetdən istifadə edəcək.
Dövlət Şurasına seçki hər 7 ildə bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də immunitet və toxunulmazlıqdan istifadə edəcəklər. Lazım gələrsə, Dövlət Şurası üzvünün mandatı Dövlət Şurası sədrinin tələbi ilə şura üzvlərinin səsverməsinin nəticələrinə əsasən dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi-pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaq və yalnız Dövlət Şurasına hesabat verəcəklər.
2. Ölkədə icra hakimiyyətinə parlament seçkisinin nəticələrinə əsasən seçiləcək Baş nazir başçılıq edəcək. Parlament seçkisinin nəticələrinə görə ən çox səs toplayan partiyanın sədrinə dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə cavabdeh olan hökuməti formalaşdırmaq hüququ veriləcək.
3. Qanunvericilik hakimiyyəti ümummilli seçki nəticəsində hər 7 ildən bir formalaşacaq ölkənin parlamenti tərəfindən təmsil olunacaq. Parlament hökumətin fəaliyyəti haqqında hesabatı qəbul edəcək, hökumət başçısının təqdimatı ilə sosial-iqtisadi siyasətin həyata keçirilməsinə məsul nazirləri (güc strukturlarının rəhbərləri istisna olmaqla) təsdiq edəcək.
4. Məhkəmə hakimiyyəti əvvəlki kimi ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları tərəfindən həyata keçiriləcək.
Belə dəyişikliklər ölkəni prezident respublikası rejimindən hakimiyyət üzərində səmərəli nəzarət mexanizmi olan parlament respublikası rejiminə keçirəcək. Onlar, eyni zamanda, avtoritarizm və təkhakimiyyətliliyin rüşeymlərini və əsaslarını əhəmiyyətli dərəcədə neytrallaşdıracaq, həmçinin dövlət fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirəcək.
Bununla yanaşı, belə bir sxem demokratik seçkilərin keçirilməsinə imkan verəcək ki, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və müxtəlif siyasi qüvvələr üçün geniş fəaliyyət spektri açacaq, bu da öz növbəsində vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.
Ramiz Mehdiyev -
AMEA-nın akademiki"




Şərhlər
Sudyu na milo )
Hafiz Haciyev deyir ki R.Mehdiyev təmiz ermənidir. Əsl adı da Ramzik Markaryandır
Azpolitika, neçənci dəfədir ki, təkrarlayıram, nədən çəkinirsiniz, nədən qorxursunuz? Ya şərh səhifəsini ləğv edin, ya da yazılanları işıqlandırın. Bu yazılanlar Sizin deyil, oxucunuza məxsusdur. Axırda iş o yerə çatır ki, Sizdən də şübhələnməyə başlayıram. Yazını bir daha təkrarlayıram. Birincisi, ondan başlayaq ki, belə bir məktubun olmasına böyük şübhəm var. Əgər belə bir məktub olmuşdursa belə, onda elə ağıllı baş yoxdur ki, belə sanballı məktub hazırlaya. Prezident ona “Heydər Əliyev” ordenini təqdim edərkən, yarım vərəqlik yazını ıqqana-ıqqana oxudu, oxuyana qədər elə bil canı çıxdı. İkincisi, əgər həqiqətən də belə məktub varsa, onu hazırlayanı ortaya çıxarmaq lazımdır. Başımla cavabdehəm ki, bu məktub Prezident Administrasiyasında hazırlanıb. Məktubun quruluşunu, yazmaq tərzini, stilini araşdırıb müəllifi müəyyən etmək olar. Bunun üçün ağıllı olmağa ehtiyac yoxdur. Cinayət-Prosessual Məcəlləsində istintaqla bağlı prosessual qaydalar müəyyən edilib. İstintaq orqanına kimsə irad tuta bilməz. İstisna hal kimi əhalini maraqlandıran müəyyən məlumatı sızdıra bilərlər. Onsuz da müəyyən saytlar hansısa yollarla istintaq sirrinə sahib olurlar. Bu da qəbuledilməzdir. Üçüncüsü, buradan belə nəticə hasil olur ki, hansısa məktubdan söhbət getmir. Sadəcə burada klan mübarizəsindən söhbət gedir: . Vəzifə sahibləri elə oyun qururlar ki, bizim ağlımıza hesablanmayıb. Nəticəni izləyək, maraqlı hadisələrə şahidlik edəcəyik.
Budurmu dövlət çevrilişi? Bunu illərdir elə hakimiyyət mənsubları da deyirdilər. Amma Rusiyaya göndərmirdilər və ya bunu eşitməmişəm.
Azərbaycanın bu günki reallığına uyğun gəlməyən səviyyəsiz bir sənəddir...parlamentli Respublikaya keçmək üçün çoxpartiyalı sistem mövcud olmalıdır, müstəqil və böyük potensiala malik bir neçı siyasi partiya olmalıdır, ölkədə güclü orta təbəqə formalaşmalıdır. bunların hələlik heç biri yoxdur. odur ki bu boş bir sənəddir...
Ramiz Mehdiyev 30 il evvel satib azerbaycan xalqini.............
Bu məktubda təklif edilən rejimə aristokratik totalitarizm deyə bilərik. Bir növ sovet dövründəki rejimin makiyaj olunmuş halıdır. Azərbaycan kimi inkişaf etməkdə olan, eləcə də şərq təfəkküründə olan ölkələrsdə ən yaxşı sistem prezidentli respublikadır.