Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.

"Report" xəbər verir ki, bu barədə "AnewZ" telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.

Qeyd olunub ki, təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.

"Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış-xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir", - məlumatda deyilir.

Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

***

Türkiyə Milli Müdafiə Nazirliyinin som məlumatına görə, qəzya uğrayan C-130 hərbi yük təyyarəsində Türk Silahlı Qüvvələrinin 20 personalı olub. Hələlik onlardan neçəsinin şəhid olduğu məlum deyil.  

***

Xəbər verdiyimiz kimi, Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Azərbaycan lideri İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana faciə ilə bağlı başsağlığı verib.

"AzPolitika" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında şəhidlərin olduğunu bildirib. 

"Koordinasiyalı səylərimizi davam etdiririk. Ümid edirik ki, bu qəzadan ən az itkilər ilə çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Dualarımız onlarla birlikdədir", - o,qeyd edib.

Gürcüstan DİN isə hadisə ilə bağlı istintaq başladığını açıqlayıb.

Qeyd olunub ki, Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.

Qeyd olunur ki, hadisə Siqnaqi bələdiyyəsində baş verib.

Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb.

Gürcüstan Hava Naviqasiya Xidməti bildirib ki, təyyarə ölkə ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən radarlardan itib.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Hazırda Türkiyə və Gürcüstandan olan qruplar koordinasiyalı şəkildə axtarış-xilasetmə işləri həyata keçirirlər.

Hadisənin başvermə anının yeni görüntülərini təqdim edirik:


***

Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanla sərhəddə qəzaya uğrayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə Türkiyə, Azərbaycan və Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb.

Türkiyə televiziyasının məlumatına görə, təyyarədə hərbi yüklə yanaşı personal da daşına bilir. 

Qəzaya uğrayan təyyarənin xüsusiyyətləri belədir: "Lockheed C-130 Hercules" ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən dizayn edilən və istehsal olunan, dörd turboprop mühərriklə təchiz edilmiş hərbi nəqliyyat təyyarələridir. Təyyarə, hazırlanmamış və ya yarı hazır hava limanlarına enib qalxa bilmək üçün nəzərdə tutulub və hərbi yük daşıma, əsgər nəqli və təxliyyə funksiyalarına malikdir. 1954-cü ildən bəri 2500-dən çox istehsal edilmiş bu təyyarələr ABŞ, Kanada, Avstraliya daxil olmaqla 60-dan çox ölkədə aktiv istifadə olunur. 74 əsgər daşımaq üçün tam təchizatlı olan bu təyyarələri Türk Hərbi Hava Qüvvələri 1963-cü ildən istifadə edir".