Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən ümumilikdə 167 740 turist səfər edib.
Yerli medianın məlumatına görə, müvafiq göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz azalıb.
Hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84258 turist səfər edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz azalma deməkdir.
Azərbaycana region üzrə ən çox turist Ukraynadan gəlib – 27908 nəfər. Lakin bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azdır. Ukraynadan sonra Belarusdan 20937 nəfər (-20,4 %), Polşadan 8266 nəfər (-19,6 %), Moldovadan 3581 nəfər (-26,7 %), Macarıstandan 3508 nəfər (-10,1 %), Rumıniyadan 2 841 nəfər (-18,9 %), Çexiyadan 2 801 nəfər (+4,6 %), Litvadan 2 174 nəfər (-39,7 %), Bolqarıstandan 2 003 nəfər (-25,9 %), Latviyadan 1 861 nəfər (-32,3 %), Serbiyadan 1 590 nəfər (-25,2 %), Slovakiyadan 1 440 nəfər (-32,5 %), Estoniyadan 1 426 nəfər (-20,6 %), Xorvatiyadan 1 284 nəfər (-4,5 %), Sloveniyadan 664 nəfər (-1,6 %), Kiprdən 571 nəfər (+6 %), Monteneqrodan 413 nəfər (+7,6 %), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7 %), Şimali Makedoniyadan 314 nəfər (-10,5 %), Albaniyadan isə 286 nəfər (-38,1 %) turist gəlib.

Bu ilin 9 ayı ərzində Qərbi Avropa ölkələrindən Azərbaycana 83 482 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azdır
Qərbi Avropa ölkələri arasında ən çox turist Böyük Britaniyadan gəlib – 20 308 nəfər. Bu, bir il əvvəllə müqayisədə 21 faiz azalma deməkdir. Bundan başqa, Almaniyadan 18 353 nəfər (-15,5 %), İtaliyadan 11 221 nəfər (-17,4 %), İspaniyadan 5 850 nəfər (-23 %), Fransadan 5 225 nəfər (-29 %), Niderlanddan 4 877 nəfər (-20,4 %), Avstriyadan 2 393 nəfər (-17,1 %), Belçikadan 2 290 nəfər (-22,7 %), Portuqaliyadan 2 055 nəfər (-25 %), İsveçdən 2 020 nəfər (-39,1 %), Yunanıstandan 1 909 nəfər (-2 %), İsveçrədən 1 813 nəfər (-28,1 %), İrlandiyadan 1 407 nəfər (-28 %), Norveçdən 1 229 nəfər (-40,2 %), Danimarkadan 1 088 nəfər (-44,5 %), Finlandiyadan 701 nəfər (-40,4 %), Lüksemburqdan 364 nəfər (-18,6 %), Maltadan 198 nəfər (-39,4 %), İslandiyadan 187 nəfər (-56,2 %), Andorradan isə 14 nəfər (-26,3 %) turist Azərbaycana səfər edib.
Beləliklə, həm Şərqi, həm də Qərbi Avropa ölkələrindən gələn turistlərin sayında ümumi azalma tendensiyası müşahidə olunur.
Bəs maraqlıdır, bu azalma nə ilə bağlıdır?
Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, turist sayında azalma, əsasən, ötən il Bakıda keçirilən COP29 tədbirinin təsiri ilə bağlıdır.

“Ötən il noyabr ayında COP29 tədbiri Bakıda təşkil olunmuşdu. Tədbir noyabrda keçirilsə də, ondan əvvəlki aylarda da turist axını artmışdı, çünki beynəlxalq tədbirlərə görə qonaqlar ölkəyə gəlirdi. Bu il isə ölkədə bu səviyyədə böyük beynəlxalq tədbir olmayıb. Azalmanın əsas səbəblərindən biri də budur”, – deyə o, qeyd edib.
Ekspert əlavə edib ki, Pakistan-Hindistan münasibətləri fonunda Azərbaycanın siyasi mövqeyi Hindistandan gələn turistlərin sayına mənfi təsir göstərib: “Əvvəllər ümumi turistlərin təxminən 10 faizi Hindistandan gəlirdi. Son dövrlər bu rəqəm kəskin azalıb. Bu, birbaşa siyasi məsələlərlə bağlıdır”.
Xalid Kərimli həmçinin bildirib ki, Azərbaycan hələ turizm ölkəsinə çevrilməyib: “Bizim sərhədlər bağlıdır, bu da xarici turistlərdə sual yaradır - niyə bağlanıb, təhlükəsizlik problemi varmı, epidemiya riski varmı? Bu amillər də turistlərin marağını azaldır. Üstəlik, ölkə nə təhsil, nə səhiyyə, nə də biznes turizmi istiqamətində inkişaf edib. Qastronomiya və coğrafi turizm sahələri də zəifdir”.
Ekspertin sözlərinə görə, hökumətin turizm siyasətində hansı strategiyanı izlədiyi aydın deyil.
“Düşünürəm ki, ölkənin turizm siyasəti ciddi şəkildə yenilənməlidir. Hazırkı vəziyyət çox pisdir”, – deyə Xalid Kərimli vurğulayıb.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Ölkə üçün vacib və strateji məsələyə toxunmağınız alqışlanır. Qeyri-neft sektorunun xüsusən Azərbaycan kimi ölkədə inkişaf etdirməli vacib, əhəmiyyətli sahələrdən biri də məhz turizm sektoru olmalıdır lakin hər il rəqəmlərə nəzər yetirdikdə vəziyyətin bərbad olduğunu görməyə eynək tələb olunmur. Səbəbə gəldikdə bunun açıq aşkar sübutu dövlətin turizm siyasətinə əlaqəsiz, laqeyd, ləyaqətsiz adamların rəhbərlik etməsidir. Turizm agentliyinin sədri fuad nağıyevin və ona nəzarətçi təyin edilən müavini azadə hüseynovanın turizmlə əlaqəli heç bir təhsilə yaxud təcrübəyə malik olmadıqlarıdır. Onlar vəzifəyə təyin edilərkın nə əcəb CV-lərə baxılmayıb? Ən böyük qəbahət isə onları zorla yüksək vəzifəyə təyin etdirməyə canfəşanlıq etmişlərdir. Hökumətin ən böyük ayıbı odur ki xalqın gördüyü həqiqətləri görmür və göz qaçırır bir mənada dövlət ərkanı özünü təkəbbürlü və dikbaş aparır. Xalqın haqlı iradlarına əhəmiyyət vermir. Əgər dövlət və xalq vəhdətindən söhbət açılırsa bu zaman gərək hər iki tərəf bir-birini dinləsin və hörmətlə yanaşsın. Bu zaman inkişaf olar. Çox zaman əhalidən gələn haqlı sifarişlərə məhəl qoyulmur və əhəmiyyət verilmir. Bu halda da xalqın dövlətə olan inamı artan miqyasda azalır, azalmaqda davam edir. Kim itirir? Hər iki tərəf! Turizm sahəsi qeyd edilən adamların yarıtmaz fəaliyyətlərinə görə, turizmə ayrılan büdcəni öz mənfəətləri istiqamətində səmərəsiz xərclədiklərinə görə məhv olur. Bu sahə artıq dövlət büdcəsi üçün qanqren halındadır. Yəqinki bunu sahil babayev görür amma nə əcəbsə susur! Turizm sahəsində idarəetmə bərbaddır, təmərküzləşib və nepotizm, tayfabazlıq başalıb gedir. Turizm sektoru xarici qüvvələrin əlindədir tam təmizlənməyib. Şəffaflıq Azərbaycan və USAİD-in dəstəklədiyi bir çox QHT-də xüsusi rol alan azadə hüseynova hələ də iş başındadır. Fuad nağıyev şiddətli töhmət almasına baxmayaraq utanmadan kreslosunda oturur. Rüsvayçılıqdır. Əsas günahkar onların arxasında dayanan məkirli qüvvələrdir. Onların etdiyi qanunsuzluqlar illər sonra manşetlərdə səhifə-səhifə tirajlanacaq lakin heç bir məsul cavabdeh səlahiyyətli şəxsin vicdanı və şərəfi çatıb əvvəlcədən tədbir görməyəcək! Hər il milyonlar turizm çətiri altında müxtəlif layihələrlə göyə sovrulur, ciblərə ötürülür. Bunu görməyən kor, bilməyən bisavad və xaindir! Manşet olmalı xəbərlərdən biri də budur, hörmətli azpolitika heyəti.