Elçin Rəşid: “Görünən məqsəd müəllimlərin vaxtını əlindən alıb onların başqa yerdə dərs deməsinə mane olmaqdır”
“Müəllimi yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq”
Tanınmış iqtisadçı Elçin Rəşid öz “Facebook” səhifəsində təhsil naziri Emin Əmrullayevin müəllimlərin iş saatları ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərək kəskin tənqidlər səsləndirib.
“AzPolitika” xəbər verir ki, iqtisadçı paylaşımına satirik bir misalla başlayıb: “Çoban oğlunu elm dalınca Bakıya göndərir, oğlan 20 ildən sonra qayıdıb atasına deyir ki, qoyunları saymağın yeni üsulunu kəşf edib: ayaqlarını sayıb 4-ə bölmək”.
E. Rəşidin sözlərinə görə, təhsil nazirinin də hazırkı yanaşması eyni şəkildə mahiyyətsiz və qeyri-rasionaldır:m“Nazir çarəsiz şəkildə bir işə əl atıb: əmək haqqını müəllimə dərs saatlarına görə deyil, məktəbin ərazisində göründüyü müddətə görə vermək istəyir”.
O bildirib ki, nazir bu təklifə “islahat” adı versə də, əslində nəyə nail olmaq istədiyini bilmir və bunu islahat proqramı kimi təqdim etməsi yalnız mərkəzi nazirliklərin zəif iqtisadi potensialından xəbər verir.
“Təəssüf ki, mərkəzi nazirliklərimizin də iqtisadi potensialı çox aşağıdır və bunu islahat proqramı adı altında “yeyirlər””, – deyə o vurğulayıb.

E. Rəşid qeyd edib ki, əgər bir nazir dəyişiklik təklif edirsə, ilk növbədə bunun təhsilin kəmiyyətinə və ya keyfiyyətinə hansı formada fayda verməsini əsaslandırmalıdır:
“1. Təhsilin kəmiyyətinə və ya keyfiyyətinə təsirini izah etməlidir;
2. Mümkün riskləri və zərərləri göstərməlidir: pilot mərhələləri keçirmək, riskləri praktikada öyrənmək, nəticələri bölüşmək və risklərə qarşı tədbirləri açıqlamaq lazımdır;
3. Təklifin sahənin strateji xətti ilə əlaqəsini nümayiş etdirməlidir (hazırkı vəziyyətdə belə əlaqə yoxdur);
4. Deməlidir ki, hansı parametrlər üzrə davamlı monitorinq və məsələn, 2 ildən və 5 ildən sonra qiymətləndirmə aparacaq. O qiymətləndirmə hansı suallara cavab verəcək;
5. Nəticəyönümlü maliyyələşməyə (NYM) töhfəsini qeyd etməlidir. Elm və Təhsil Nazirliyi (ETN) yeri gəlmişkən, NYM üçün pilot nazirlik seçilib;
6. Büdcəyə təsirini qeyd etməlidir: bu avantüra nə qədər pul “yeyəcək”?”.
İqtisadçı vurğulayıb ki, nazir bunların heç birini açıqlamır, çünki bilmir: “Yox, o bunları demir, çünki bilmir. ‘Təhsil onsuz da dibə gedir, bir eksperiment edək, nə olar-olar’ yanaşmasıdır. O isə heç bilmir ki, o qədər müəllim məktəbdə harada oturub gözləyəcək.”
E. Rəşidin sözlərinə görə, müəllimlərə əlavə öhdəlik qoymaq lazımdırsa, bunu dərs saatlarına proporsional şəkildə etmək və ödənişi də dərs saatları üzərindən aparmaq daha şəffafdır: “Bir saata verilən əmək haqqını artır. Qoyunların ayağını sayıb 4-ə bölmə...”

O bildirib ki, nazir müəllimin boş vaxtını məktəbdə necə keçirəcəyini də izah etmir: “Valideynlərlə söhbət edəcək, şagirdlərlə söhbət edəcək – bu nağıldır. Bu söhbətlərin qalan iş saatına uyğunluğu nə hesablanıb, nə izlənməsi mümkündür. Tamamilə qeyri-şəffafdır, korrupsiyogendir”.
İqtisadçı daha sonra təklifin real təsirlərini sadalayıb:
“1. Resursun buxovlanması səbəbindən kiçilən təhsil sektoru və azalan ÜDM;
2. Büdcəyə əlavə xərc;
3. Bu xərcin də görülən işə görə və verdiyi nəticəyə görə deyil, müəllimin keçirdiyi saata görə paylanması;
4. Təhsilə zərər: müəllim təhsildə resursdur. Onu məktəbdə boş saxlamaq, yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq;
Haşiyə:
Görünən odur ki, məqsəd də budur: müəllimlərin vaxtlarını əlindən alıb onların başqa yerdə təhsil vermələrinə əngəl yaratmaq.
Nazir özü deməsə də, ona yaxın media məqsədin bu olduğunu “ağzından qaçırır”. Yəni, dövlətdən əlavə pul alıb, onu təhsili və təhsil resursunu boğmağa xərcləyəcək.
“5. Biri çox işləyib az pul alacaq, digəri tərsinə. Motivasiya nəzəriyyələri ilə tanış olanlar bilir ki, bu, sistem daxilində motivasiyanı dağıdan ən güclü amildir. Yəni təhsilin keyfiyyəti bir də bundan zərər görəcək;
6. Korrupsiya: direktorlar nəzarət edəcək və müəllimin boş oturmasına görə dövlətdən alınan pulu müəllimlə böləcək;
7. Güc asimmetriyası – direktorun müəllimlər üzərində (təhsilin keyfiyyətinə aid olmayan) balanssız səlahiyyəti... Müəllim biləcək ki, o, gördüyü işin keyfiyyətinə görə deyil, direktorla nə dərəcədə əlbir olmasına görə qiymətləndirilir, əmək haqqı alır, boş vaxt qazanır və ümumiyyətlə iş yerini qoruya bilir. Bu özü təhsilin keyfiyyətinə ayrılıqda daha bir mənfi təsir edəcək;
8. Güc asimmetriyası – nazirin direktorlar üzərində... Bu da yuxarıda deyilənə uyğun olaraq, məktəbin (təhsilin) keyfiyyətini salacaq;
9. Nəticəyönümlü maliyyələşmə (NYM) prinsipinə xəyanət.
NYM tətbiq olunanda bütün şöbələr, işçilər buna səfərbər olunmalıdır və mümkün olduqca eyni prinsiplə çalışmalıdır”.
E. Rəşid NYM məsələsinə ayrıca toxunaraq xatırladıb ki, ETN bu sistem üçün seçilmiş 3 nazirlikdən biridir. Onun sözlərinə görə, 2020-ci ildə NYM planlaşdırılarkən Maliyyə Nazirliyi ilə keçirilən görüşdə ETN bir dənə də olsun düzgün nəticəyönümlü büdcə maddəsi təqdim edə bilməyib. Təqdim olunan yeganə “nəticə” – beynəlxalq tədbirdə 10 əməkdaşın iştirakı olub.
“Maliyyə Nazirliyi izah etməyə çalışsa da nəticə verməyib. 2023-cü ildə keçirilən növbəti görüşdə də bəlli olub ki, ETN hələ də nəticənin nə olduğunu anlamır və fəaliyyətlərini nəticə adı ilə təqdim edir”, - deyə o qeyd edib.
Rasim Əliyev
"AzPolitika.info

Şərhlər
Bilmirsən, bunları yad planetdənmi tutub gətirirlər, yoxsa ölkədə mütəxəssismi yoxdur ki, təhsilin səviyyəsini yüksəklərə qaldırsın. Müstəqillik əldı etdikdən sonra mənə elə bir elmi nailiyyət göstərin ki, onunla fəxr edək. Dünya alimləri Nobel mükafatına layiq görüləndə, bizimkilər Ramiz Mehdiyev mükafatına layiq görülürlər. Səhv etmirəmsə, Məhəmməd Peyğəmbərin belə ifadəsi var: alim öldü, aləm öldü. Gəlin özümüzü aldatmayaq, iqtisadiyyatımız bərbad vəziyyətdə, səhiyyəmiz onun kimi, təhsilimiz də can verir. Ayrımların da bir deyimi var: şapalaqla (sillə nəzərdə tutulur) üz qızartmaq. “Rəhmətlik deputatımız” deyirdi ki, müəllim boş vaxtı gedib fəhləliklə məşğul olsun. Burada Həsən bəy Zərdabinin dəfn mərasimində RƏHMƏTLİK Əhməd bəy Ağaoğlunun çıxışı yada düşür: “Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”. Çox düzgün demişdir: bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Bəli, biz ziyalı yetişdirə bilməmişik, ona görə də vəzifəlilərimiz oğru, məmurlarımız rüşvətxor, ziyalılarımız isə məlum məsələ. Bu yaxınlarda təsadüfən Elmlər Akademiyasının yeməkxanasında olmaq xoşbəstliyi mənə nəsib oldu. Oradakı alimlərimizi görəndə sözün əsl mənasında özümü alçalmış hesab etdim. Alimləimizin sifətində bir yetimlik, rəzillik gördüm. Hərəkətləri, davranışları, düşdükləri vəziyyət məni əzdi. Alimlərimiz məni səhv başa düşməsinlər, onlar cəmiyyətin qaymaqlarıdırlar. Onlar cəmiyyətin elitası olmalıdırlar. Mənə elə gəldi ki, bomjların məclisinə düşmüşəm. Azərbaycanlı alimlər yaxşı mənada hamıdan fərqlənməlidirlər Hansı rektora əl atırsan təhsildən savayı hər işlə məşğuldurlar, milyonlarla deyil, milyardlarla əlləşirlər. Bəli, bura Azərbaycandır. Emin Əmrullayev barədə Wikipediyada belə bir qeyd var: “14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilmişdir. 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür”. Bu məlumatı oxuyub belə qənaətə gəldim ki, onun əsl vəzifəsi təhsili ağlamalı vəziyyətə qoymaq deyil, top oynatmaqdır. Oxuyanda, eşidəndə adamın könlü küsür, ürəyi bulanır. Sonda, qeyd etmək istərdim ki, yəni bizdə alim yoxdurmu, bu sahəni öz üzərinə götürüb onu çiyinlərində daşısın???
Əmirullayev nazir olduğu ilk gündən etibarən hər ağzını açanda yuxarıdan aşağı güclü təpkiyə, tənqidə, təhqirə məruz qalıb və cəmiyyətdə çoxdan nüfuzunu itirib. O gələcək 3-5 ili düşünmür. Çünkibilir ki, hər an atıla bilər. Onun nazir olduğu hər an ölkə təhsilinin daha dərinə quyulanmasını sürətləndirir
təhsil nazirliyi bu gün bivec və savadsız amma əllərində bir parça avropa kağızı olan təcrübəsiz adamlar yığınağından ibaərətdir. onları ancaq korrupsiya maraqlandırır
Təsadüfi adamlar nəyinsə hesabına vəzifə əldə edir....Tək bu deyil ki!
Tehsil ve Sehiyye nazirleri ve tebib rehberi islahat apara bilmez sadece gucleri yetmez.cunki mekteb direktorlari xestexana rehberleri ve bas hekimlerin ekseriyyeti milli meclisde kresloya ana bala kleyi ile 30 il yapisdirilan deputatlarin ya xanimidi ya qizidi ya da diger qohumlari bunlarin hansi birini vezifeden azad etmeye calissalar o deqiqe hemin deputat milli meclisde o naziri susdurmaq ucun hemin nazirlikde olan problemlerden danisacaq.misal siyavis novruzovun qardasi emek nazirliyinde calisir sahil babayev onu isden azad etmek isteyende duz 1 ay siyavus novruzov hemin nazirliyi yixib surudu sonra sahil babayev geri addim atdi siyavus novruzovda movzunu deyisdi hal hazirda da qardasi hemin nazirlikde calisir