Tarix təkrarlanır. Hazırda Ukrayna ətrafında baş verənlər bu ilin fevralında Oval kabinetdə Donald Trampla J.D.Vensin Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə hücum çəkməsini xatırladır.
Elə Trampın özü də ötən gün, əslində, ABŞ tarixində biabırçı iz qoyacaq həmin görüşü xatırladıb və növbəti dəfə deyib ki, Ukraynanın “kozırları yoxdur”: “Nə vaxtsa o, nəyəsə razılaşmalı olacaq.
Yadınızdadırsa, çox da uzaq olmayan bir vaxtda Oval Ofisdə “Sizin heç bir kozırınız yoxdur” demişdim"...
Beləliklə, 28 bəndlik “Tramp planı” əsasında ABŞ və Rusiya Zelenskiyə vaxt qoyub. Ondan cümə axşamı gününə qədər bu plana razılıq verməsi tələb edilir. Əks halda, Tramp silah və kəşfiyyatr məlumatlarını dayandıracağı, Putin isə digər şəhərləri də”Kupyanskın aqibəti” gözlədiyi ilə hədələyib.

Yeri gəlmişkən, qeyd edək ki, Putin və rus generallarının guya Kupyanskın işğal olunduğu barədə iddiaları təsdiq olunmur. Trampın hədələrinə gəlincə, artıq onun hakimiyyətə gəlməsindən bir müddət sonra ABŞ Ukraynaya kəşfiyyat məlumatları və silah ötürülməsini dayandırmışdı. Lakin bu, Trampın gözlədiyinin əksinə olaraq, Ukrayna cəbhəsinin çökməsi və ordunun qaçması ilə nəticələnmədi...
Lakin indi Ukraynanın vəziyyəti daha həssasdır. Qarşıdan gələn ağır və soyuq qış, insan resursu çatışmazlığı, cəmiyyətin və ordunun müharibədən dəhşətli dərəcədə yorğunluğu, müttəfiqlərin “gah nala, gah mıxa vurması”, üstəlik də heç də təsadüfi olmadan ortaya atılan korrupsiya qalmaqalı tamamilə fərqli bir reallıq və ab-hava yaradıb. Eyni zamanda, bir çox müşahidəçilərin də dediyi kimi, Ukraynada müharibədən obyektiv olaraq yorulmuş, tükənmiş əhalinin say tərkibində bu dəhşətli savaşın hansı şərtərlə olursa olsun bitməsinə tərəfdar olanların sayı da durmadan artır...
Bütün bunların fonunda Putinin öz strateji məğlubiyyətini pərdələməyə hesablanan özündən razı açıqlamaları Kremlin doğrudan da “Tramp planı”-nın hazırlanmasında birbaşa iştirakı və onunla razılaşması təəssüratı yaradır. Ən azından, Putinin son açıqlamaları belə düşünməyə əsas verir.

O, Rusiya Təhlükəsizlik Şurasının son iclasında bu "sülh planı" ilə işləməyə hazır olduğunu bildirib. Eyni zamanda, 4 ildir bataqlıqdan çıxa bilməsə də, yenə “minnət qoyaraq”, iddia edib ki, guya Rusiya məqsədlərinə hərbi yolla da çatmağa qadirdir: "Amma biz sülh danışıqlarına, problemlərin sülh yolu ilə həllinə də hazırıq, lakin bunun üçün əlbəttə ki, təklif olunan planın bütün detallarının əsaslı müzakirəsi tələb olunur. Biz buna hazırıq".
O, artıq Amerika sülh planının mətnini aldığını açıqlayıb və deyib ki, bu, Alyaskada müzakirə edilən planın dəyişdirilmiş versiyasıdır. Nəhayət, Putin hesab edir ki, bu sənəd "son sülh razılaşması üçün əsas ola bilər”.
Yaxşı, bu halda sual yaranır: Bəs Rusiya konstitusiyasına daxil edilən Zaporojye və Xerson vilayətlərinin Ukraynanın nəzarətində qalan əraziləri necə olacaq? Bəs Rusiyanın keçirdiyi “referendum” nə oldu? Belə çıxır ki, həmin ərazilər “Ukraynanın işğal etdiyi Rusiya əraziləri” kimi qalacaq? Ya da belə çıxır ki, Rusiya konstitusiyası oyuncaq, iki gündən bir dəyişə bilən, yazılıb-pozulan mənasız kağız parçasıdır...
Bəs Rusiyanın Qərbdəki 300 milyard dollara yaxın vəsaiti necə olacaq?
Plana görə, onların 100 milyardı Ukraynanın bərpasına, qalanı da ABŞ-nin nəzarət etdiyi hansısa ABŞ-Rusiya fonduna veriləcək. Yəni, Rusiyanın əlindən faktiki olaraq alınacaq. Hansı ki, bu vəsaitlər ən çox Rusiyanın özünə lazımdır. Ən azından işğal etdiyi və xaraba qoyduğu Ukrayna ərazilərində hansısa normal həyat şəraiti yaratmaq üçün...
Bəs Kiyevdə hakimiyyəti dəyişmək və Belarusdakına bənzər, Kremlə tabe olan müti rejim qurmaq planı necə olacaq? Bu qədər qırğınlar, məhrumiyyətlər 17 milyon kvadrat kilometr ərazisi olan Rusiyanın cəmi 120 min kvadrat kilometr, yəni, öz ərazisinin “sıfır tam neçə faizi qədərsə” əlavə yanmış torpaq və dağıdılmış kəndlər əldə etməsi üçün idimi?

Bir sözlə, rusiyalıların Putinə verəcəkləri və cavabı açıq qalan suallar kifayət qədər çoxdur...
Hələliksə, bu plan açıq-aşkar ağır şərtlərlə daha çox Ukraynanın təslim edilməsi planı təəssüratı yaradır.
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib ki, Böyük Britaniya və Avropanın bu "sülh planı" üzrə danışıqlarda iştirak etməməsi Kiyevin "təslim olmasına" səbəb olacaq: "Vaşinqton və Moskva Avropa təhlükəsizliyinin gələcəyini müzakirə edərkən, Avropa hələ də kənarda qalır".

Ancaq qeyd edək ki, Avropanın bu qədər urvatsız edilərək, kənarda saxlanması həm də qorxaq, riyakar, ikiüzlü Avropa liderlərinin və hakimiyyətlərinin öz əsəridir. Məsələn, “The Telegraph”-ın yazdığı kimi, Trampın “sülh planı” elan ediləndə 32 NATO milli səfiri Finlandiya Laplandiyasında səfərdə olublar və saunada dincəlir, donmuş Kemi çayına “kəllə vururlarmış”. Yəni, Avropa öz kamfortunu və rahatlığını tərəzinin digər gözündəki Ukraynadan daha ağır və üstün tutub və tutmaqda da davam edir...
Buna baxmayaraq, Avropada heç bir siyasətçi ABŞ-Rusiya "sülh planını" dəstəkləməyib. Onların hamısı Ukraynanın taleyinin onun iştirakı olmadan həll edilməsinin səhv olduğunu qeyd ediblər.
Hətta Trampın dostu, Böyük Britaniyanın İslahatlar Partiyasının lideri Naycel Farac da "sülh planı"nın qəbuledilməz olduğunu bildirib: "Düşünmürəm ki, Ukraynadan ordusunu yarıya endirməsini istəmək məqbuldur. Zelenski hökumətindən əks təklif gözləyirəm".

Zelenski isə özünü mümkün qədər təmkinli aparmağa çalışır. Xalqa dünən axşam etdiyi müraciətdə Ukraynanın ləyaqət, suverenlik və s. ilə əsas müttəfiqini itirmək, ağır qış və gələcək böyük risklər arasında seçim etməli olduğunu deyən Ukrayna başçısı hələ özünün də bu seçimi etməkdə çətinlik çəkdiyini göstərmiş oldu. Hazırda dünyanın heç bir ölkə başçısı birgə Tramp-Putin zərbəsinin önündə tək buraxılan və özü də zamanında bir çox səhvlər buraxmış Zelenskinin yerində olmaq istəməz. Doğrudan da, Ukrayna çox çətin seçim qarşısında qoyulub və bu seçim ölkənin gələcək taleyi üçün həlledici ola bilər. Vaxt isə getdikcə daralır...
Təəssüf ki, tarixən əksər hallarda reallıqlar ideallara qalib gəlir. Əks halda, dünya daha ədalətli, daha mərhəmətli və daha yaşanır bir yer olardı. Ukrayna da hazırda ideallarını reallıqlara qismən də olsa qurban vermək məcburiyyəti ilə üz-üzə qoyulub. Ancaq olduqca yaxın tarixdə öz ərazi bütövlüyünü və dövlət kimi ləyaqətini bərpa edən Azərbaycan nümunəsi də var - reallıqları özü yaradıb, onları ideallarına uyğunlaşdırmaq, digər yandan da dünyada müvafiq qlobal şəraitin yaranmasını gözləməyi bacarmaq nümunəsi. Ümid edək ki, hazırda öz tarixini öz qanı ilə yazan Ukrayna da nə zamansa bu cür nümunə yarada biləcək...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Cəmşid Dərələyəzliyə - yazını bir də oxuyun. . "Bu qədər qırğınlar, məhrumiyyətlər 17 milyon kvadrat kilometr ərazisi olan Rusiyanın cəmi 120 min kvadrat kilometr, yəni, öz ərazisinin “sıfır tam neçə faizi qədərsə” əlavə yanmış torpaq və dağıdılmış kəndlər əldə etməsi üçün idimi?".Bu fikir sual kimi verilir, təsdiq kimi yox və sizin az qala ətəyində namaz qıldığınız Putinin xəyallarının puç çıxdığını, yarıtmaz və yaramazlığını, Ukraynalıları və rusları öz xam xəyallarına qurban verdiyini qeyd edir. Müəllif heç sadəlövhə oxşamır, irad bildirməzdən əvvəl yazıları yaxşı oxuyun, düz nəticə çıxarın və şərh xatirinə şərh yazmayın, zəhmət olmasa.
Müəlif bu yazısında həm də qeyd edir ki, "Bu qədər qırğınlar, məhrumiyyətlər 17 milyon kvadrat kilometr ərazisi olan Rusiyanın cəmi 120 min kvadrat kilometr, yəni, öz ərazisinin “sıfır tam neçə faizi qədərsə” əlavə yanmış torpaq və dağıdılmış kəndlər əldə etməsi üçün idimi?". Bu qədər sadəlöhvlük də pəs. Ay kişi, siz elə bilirsiniz Rusiyanın o torpaqlar umurundadır. Putin Rusiyanın gepolitik maraqlarının peşində və 28 maddəlik sülh sazişi də imzalansa Putin hədəfinə çatır. Hələ müharibənin başlandığı 2022-ci ilin mart ayında bu barədə yazmışdım ki (Ovqat com saytında getmişdi) Zelenski və sələfləri Rusiyanın geopolitik maraqlarını göz ardı edib, bir tərəfli qaydada Qərbə üz tutması zamansız qərar idi və bu Ukraynaya baha başa gələcək. Bu da nəticəsi. Zelenski anlamırdı ki, (anlaya da bilməzdi çünki o siyasət də səriştəsiz biri idi) Qərb İmperializmi maraqlandıran onların çıxarlarıdır və bu da bir yerə kimidir. Yəni alındı alınmadı çəkilərlər. Arada yazıq oldu Ukraynaya və ukraynalılara. Bizdə də bəzi özlərini "Politoloq" və siyasətçi sananlar, dörd ildir ki boğazlarını yırtırlar ki, Rusiya artıq çöküb və dağılacaq. Bəs biləsiniz Tramp qorxaqdı, Avropalılır axmaqdı nə bilim daha nələr, nələr. Çünki, onlar baş verən bu müharibənin səbəbiyyətinə varmadan, daima nəticəsi üzərindən fikir yürütdülər. Həmişə demişəm, Rusiya SSRİ kimi içden çökmese, indiki halda kənar müdaxilə, tək Rusiyanı yox, bütün dünyanı belə yandırar və Putin də bunu son görüşlərinin birində, açıqca söyləmişdi ki, "Onlar Rusiyanın yox olmasını istəyirlər, amma unudurlar ki, Rusiya olmasa Dünya da olmayacaq" və Tramp da bunun nə demək olduğunu qayət iyi bilir və Rusiya ilə bağlı siyasətini də ona görə yürüdür. Bütün bu baş verənlərin fonunda Aəzrbaycan Dövlət Başçısının xarici və xüsusən də Rusiya ilə yrütdüyü balanslı siyasət məqbul sayırıq və indiki zamanda bu belə də devam etməlidir. Ən əsası da ona görə ki, Bizim Zəngəzur koridoru ilə bağlı çox ciddi problemimiz hələ həll olunmayıb.

Allah Ukraynanı qorusun
Putin ryslar Avropanın rehberlerinin "matışka" oldyqlarını çox gözel bılirler ve konteksde de öz işlerini qurublar.ABŞ ise Trampın tımsalında hemışekı rolundadur-öz maraqlarını güdmekdedır,Ukrayna ise onlar üçğn ancaq "Qurbanlıq Quzudur" bu qeder sade.