Nə Azərbaycan Ukraynadır, nə də Bakı Kiyevdi. Nə PUA, nə də raket hücumuna məruz qalırıq. Lakin buna baxmayaraq, “iki gündən bir” gah hansısa “taxta bazarı”, “vosmoy bazarı”, “Sədərək”, restoranlar, ticarət mərkəzləri, başqa iaşə obyektləri, gah da qarışqa yuvasına çevrilən bu şəhərdə yaşamağa məcbur olan insanların məskunlaşdığı yaşayış binaları yanır. Və bizi yandıran PUA, raket deyil, başqa “silah”dır və o, heç də PUA-dan, raketdən az təhlükəli deyil...
Bəli, dünyanın hər yerində insan səhlənkarlığı, texniki xəta, təbii fəlakət, təsadüf və s. səbəbindən yanğınlar baş verir. Lakin Azərbaycan nadir ölkələrdəndir ki, əksər hallarda, xüsusilə də Bakı kimi iri şəhərlərdəki yanğınların səbəbi korrupsiya, rüşvət, “kəndxudanı gör, kəndi çap!” prinsipi ilə işləyən məmurların özbaşınalığı, bina tikən sahibkarların və onlara icazə verənlərin acgözlüyü, mədəniyyətsizliyi, şəhərsalmadakı dərəbəylik və özbaşınalıqdır. Binaları, obyektləri yandıran, insanların həyatına son qoyan da məhz bu “silah”dır. Yasamaldakı son yanğın da bu “silah”la törədilib və sıradakı növbəti hadisədir – nə birincidir, nə də təəssüf ki, sonuncu...
Bakıda yanğınlar, bir fenomen olaraq, artıq fövqəladə hal kateqoriyasından şəhər həyatının gündəlik ayrılmaz elementi kateqoriyasına keçib və biz demək olar ki, bu vəziyyətə öyrəşmişik.
Bu gün mütəxəssislər bu cür yanğınlarla bağlı eyni şeyi deyir: binalar yanğından mühafizə qaydalarının kobud şəkildə pozulması ilə tikilir, elektrik sistemləri və ventilyasiya çox vaxt keyfiyyətsiz şəkildə qurulur, müvafiq dövlət qurumlarının müfəttişləri illərdir aşkar riskləri "görmürlər", həyətlər maşınlarla doludur, yanğınsöndürən maşınlar və təcili yardım maşınları fiziki olaraq ora çata bilmir, binaların zirzəmiləri restoranlara, anbarlara, ticarət məkanlarına çevrilib və sair. Bütün bunlar mükəmməl bir yanğın tələsi yaradır, burada tək bir qığılcım kifayətdir ki, bu cür yanğınlar, faciələr baş versin.
Yanğın baş verən binanın sakinlərinin sözlərinə görə, bina və ətrafındakı qanun pozuntuları o qədər aşkar olub ki, onları görməmək mümkün deyildi. Kommunal sahə kimi nəzərdə tutulan birinci mərtəbə və zirzəmi restorana, stomatoloji klinikaya, daha sonra isə elektrik doldurma stansiyası üçün generator otağına çevrilib. Bütün bunlar ailələrin, uşaqların, təqaüdçülərin yaşadığı yaşayış binasında cəmləşib (Axtarsanız, Bakıda minlərlə bu cür bina taparsınız).

Sakinlər iddia edirlər ki, dəfələrlə binanın müvafiq dövlət quqrumları tərəfindən yoxlamadan keçirilməsinə çalışıblar, lakin vəziyyət dəyişməyib. Dövlət qurumları bu mənzərəni hər bir azərbaycanlının çox gözəl bildiyi səbəblərdən heç cür görmək istəməyiblər. Çünki bu qurumların da qanı əsasən onlarla “canı, qanı bir” məmur-oliqarxlara mənsub olan tikinti şirkətklərilə eyni “materialdan” yoğrulub. Ona görə həmin dövlət qurumları, məmurlar, hüquq-mühafizə orqanları, məhkəmələr, hakimlər də “qara camaat”ın deyil, məlum “hörmət” qarşılığında illərdir yaşayış binalarının zirzəmilərini və birinci mərtəbələrini yüksək riskli ərazilərə çevirən tikinti maqnatlarının maraqlarını qorumaqla məşğul olublar...
Yasamaldakı son hadisə bir daha azyaşlı uşaqlar da daxil olmaqla, 6 nəfərin öldüyü 2015-ci il faciəsini xatırladır. Üzərindən 10 il ötüb, ancaq vəziyyət “10 qram” da dəyişməyib. O vaxt “günah keçisi” kimi yalnız orta səviyyəli məmurlar, icraçılar cəzalandırıldı. İndi də belə olacaq, sabah da, birisi gün də. Çünki tikinti sahəsindəki məmurlara milyonlar gətirən korrupsiya sistemi qalır, qaqldıqca da Bakını az qala yanğınla minalanmış zonaya çevirir, insan həyatlarını məhv edir, yandırır və təəssüf ki, bundan sonra da hələ çox yandıracaq...
Cəlal Məmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Bakı şəh. Nizami r/ n C.Nəxçivanski 66A- da yerləşən hündür mərtəbənin həyatındakı besetkanın kənarlarını qırmızı kərpiclə hörüblər ona dəmir seyf qapı qoyublar bu adamlar binanın sahibkarın əl altılarıdır səhərəcən həmin otağda ( hər cür şəraiti var istilik sistemi su kranı samavar və digər avadanlığlar) qumar oynayırlar,həttda yaşlı adamlar deyirlər bu qumarxananı hansısa güc naziliyi himayə edir.
Əhmədli qəsəbəsi Şıxlı kücəsi 2942 ünvanında Tural A MTK tikilmiş yaşayış binalarının həyətində yanğınsöndürın nəqliyyatın hərəkəti üçün normalara uyğun ərazi nəzərdə tutulmamışdır. Fərdi avtomobillərin də nizamla saxlanması üçün heç bir ərazi nəzərə alınmamışdır. Dəfələrlə MTK rəhbərliyinə məlumat verilsə də htədir görülməmişdir. Bu ərazidə də müvafiq dövlət strukturları tərəfindən monitorinqin araılması məqsədəuyöun olardı
Çox aktual mövzudur .Bu hamımızın başına gələ bilər.Biz Əhmədli qəsəbəsi Şıxlı kücəsi 2942 ünvanında Tural A MTK dan aldığımız evlərə avtomobilimizlə daxil ola bilmirik.3 bloklu binalar dar bir ərazidə tikilib.Yaxınlıqda olan 9 mərtəbəli binalarda isə belə problem yoxdur.Ona görə ki bina texniki norma və qaydalara əsasən tikilib.Allah eləməmiş bir faciə baş verərsə nəticəsi ağır ola bilər.Hesab edirəm ki, əlaqədar təşkilatlar monitorinlər aparmalı və tədbirlər görməlidir .Bu barədə dəfələrlə MTK ya deyilib , lakin nəticə yoxdur.
Bakını belə yükləyənlər nə vaxt cavab verəcəklər?
Bu binaları sakinlər yox xusisi sahibkarlar idarə edir,burada yığılan vəsait elə belə vəsait deyil,bu yığılan vəsaiti bir yerə yığsan bəlkədə dövlət büdcəsinin 10%- ni təşkil edər və bu yığılan vəsaitlər qanunsiz olduğu üçün hər zaman belə neqativliklər baş verər.
Bu mənzərə təkcə Bakıda deyil regionlarda da mövcuddur.Lənkətan rayon Gərmətük qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsi kənd sakini üçün əsil mənasında bir təhlükə mənbəyidir.Qəsəbənin girişində inşa olunan bu obyekt qəsəbə girişini zəbt etməklə yanaşı heç bir texniki təhlükəsizlik qaydalarına cavab vermir.Lakin bunu hamı görür lakin tədbir görmürlər Yaşayış evlərinin bir adımlığında inşa edilən yanacaq doldurma məntəqəsi insanların həyatı üçün çox təhlükəlidir.
Hemin o silah rusvetdi.butun qurumlar gelir alir ve gedir
BU SILAHIN ADI MONOPOLIYADIR , RŮŠVETDIR , KIMINSE XETRINE GŎZYUMMAQDIR.....MEMUR ŎZBAŠINALIGIDIR......
Nə vaxta qədər bakıda tikinti üçün torpaq ayrılmasında rüşvət.tanışlıq,tapşırıq aradan götürüməyəcək və qərar verən şəxslər bu məsələyə məsuliyyət daşmayacaq belə davam edəcək.Bəs bu tikililəri Bakı şəhəri icra hakimiyyətinin əlaqədar mütəxəssisləri niyə görməzdən əlib susurlar?
Eyni hal bir gün Masazırda Qurtuluş 93 də baş verəcək. Çünki hələdə mərkəzi istilik sistemi qoşulmayıb, binalara qaz verilməyib, bu odeməkdir ki işıq xətləri yüklənəcək