“Bəzi media təmsilçiləri çoxsaylı ictimai-siyasi fəallar, siyasi isteblişmentə daxil olan bəzi insanlar hər yerdə təhlükə axtarır, hər şeydən yüksək narahatlıq hissi keçirirlər. Həddindən artıq ehtiyatlılıq, daim “hazır vəziyyətdə” olmaq, hər şeyə şübhə ilə yanaşmaq, digər insanların niyyətlərinə etibar etməmək, qeyri-müəyyən vəziyyətdən qorxmaq, daim “pis bir şey olacaq” hissi kimi psixoloji durum açıq-aydın sezilməkdədir. Belə bir psixoloji durum cəmiyyətimizin inkişafını ləngidir. Biz cəmiyyət olaraq sakitləşməli, bir-birimizə inanmalı, güvənməli, dəyişikliklərə gedilərsə, hökumətə dəstək olacağımızı bəyan etməliyik. Xalqımızın xoşbəxt gələcəyi yuxarıdan aparılacaq islahatlardadır. Vəziyyəti çox da dramatikləşdirmək lazım deyil”.
“AzPolitika” bildirir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
Deputat “islahatlara gedilməsə yaxın gələcəklə bağlı vəziyyəti necə təsəvvür edirsiniz” sualını belə avablandırıb: “Xalqımız dözümlüdür, aza qane olmağı bacarır. Yəqin iqtidar nəzərə alır ki, şərqli mentalitetinə sahib insanlar kimi, bir az qazancı olanlar gəlirlərini yaxınları ilə bölüşməyi bacarır. Bundan başqa, ölkədə kölgə iqtisadiyyatı var. Gənclərimiz bacarıqlı olduqlarından, əmək miqrantı kimi xaricdə ən ağır şərtlər altında pul qazanıb ailələrinə yardım edirlər. Yoxsa hamı başa düşür ki, ayda 400 manat minimum əməkhaqqı, 320 manat minimum əmək pensiyası alan 800 mindən artıq şəxs bu vəsaitlə yaşaya bilməz. Görünür, hökumət həm də ona görə ciddi islahatlara başlamağa tələsmir ki, geosiyasi vəziyyət islahatların nəticələri ilə bağlı aydın təsəvvürlər yaratmır, müəyyən narahatlıqlar var”.
Partiya sədri bildirib ki, islahatlara gedilməsə ölkə kasıblaşacaq, xarici investisiyalar üçün cəlbediciliyini tamamilə itirəcək. Belə ki, kiçik və orta sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmasa, dövlət orqanlarının himayəsi ilə məhdud sayda yaradılan istehsal müəssisələri hesabına iqtisadiyyatı dirçəltmək alınmayacaq. “Ölkəmizin dostları azalacaq, dini və siyasi radikalizm üçün əlverişli mühit, xarici ölkələrin insanlarımızı əməkdaşlığa cəlb etmələri - İran vətəndaşlarının İsrail tərəfindən əməkdaşlığa cəlb edilməsi nümunəsi kimi - daxili işlərimizə müdaxilələri üçün imkan yaranacaq. Amma nikbinəm, inanıram ki, müəyyən çətinliklərlə üzləşsək də, sonda islahatlara gedib vəziyyəti dəyişəcəyik. İmkan var ki, islahatlara getməklə həmin çətinlikləri önləyək”, - o qeyd edib.
Q. Həsənquliyev hesab edir ki, hökumət yalnız hakim partiyadan olan deputatların büdcə müzakirələri zamanı qaldırdıqları problemləri təhlil etsə belə, islahatların qaçılmaz olması zərurətini qəbul edəcək.
“AzPolitika.info”

Şərhlər
47 il müəllim stajı ilə 510 m.pensiya alıram.Şərəfli müəllim peşəsinin dəyəri budur? Görəsən qərar qəbul edən şəxslər bu pulla neçə gün yaşaya bilərlər? Ali savadlı , şəxdlər kimi ,bütün ictimai işlərdə ,həmçinin seşki kompaniyalarında səhərdən axşama qədər ödənişsiz əziyyət çəkdik ki belə qiymətləndirilək?
Qüdrət bəy hamı başa düşür ki,300 manat minimum yaşayış həddi,320 manat pensiya.400 manat maaşla yaşamaq indiki Azərbaycanda mümkün deyl.Gözəl deyirsiniz. Bəs bunu niyə yuxarıda oturan səlahiyyətlilər anlayıb bir normal qərar vermir ki.Aərbaycan xalqı adam kimi,başqa dövlətlərdəki kimi yaşaya bilsin?