Ukrayna Silahlı Qüvvələrinin Desant-Şturm Qoşunlarının 7-ci Korpusu xəbərdarlıq edib ki, Rusiya ordusu yaxın vaxtlarda Mirnoqrad ilə Pokrovsk arasındakı torpaq yolunu kəsməyə cəhd göstərə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə noyabrın 25-də korpusun rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Hərbi məlumatlara görə, rus qoşunlarının son hərəkətləri onların Mirnoqradı mühasirəyə almaq niyyətində olduğunu göstərir. Rusiya qüvvələri Rovnoe və Svetloe istiqamətində irəliləyir, Ukrayna bölmələri isə Qırmızı Liman yaxınlığında müdafiə döyüşləri aparır.
Korpus bildirir ki, ruslar Mirnoqradın şimal hissəsinə kiçik piyada qrupları ilə sutka boyunca hücum etməyə çalışırlar. İrəliləyiş hava dronları ilə koordinasiya olunur. Ukrayna tərəfi şəhərin cənub ətrafında müdafiənin gücləndirildiyini açıqlayıb.
Ukrayna hərbçiləri həmçinin Mirnoqradın şimal-şərqində dörd rus hərbçisini əsir götürüblər. Məlum olub ki, onlardan üçü əvvəllər məhkum olunmuş şəxslərdir və müqavilə imzalayaraq cəbhəyə göndəriliblər. Onlar hücumdan əvvəl dörd gün zirzəmidə saxlandıqlarını, nə yemək, nə də su ilə təmin olunduqlarını bildiriblər. Ukrayna ordusu vurğulayıb ki, əsirlərə beynəlxalq humanitar hüquqa uyğun şəkildə zəruri yardım göstərilib.
“AzPolitika.info”

Şərhlər