Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev və Vaşinqton nümayəndə heyətləri həftənin sonunda ABŞ-nin irəli sürdüyü sülh təşəbbüsü ilə bağlı Cenevrədə başlayan müzakirələri davam etdirəcəklər.

“AzPolitika” xəbər verir ki, bu barədə o, cümə axşamı sosial şəbəkə hesabında məlumat yayıb.

Yermak “Vacib olan məhsuldarlığı itirməmək və sürətli işləməkdir”, – deyə vurğulayıb. O qeyd edib ki, Ukraynanın əsas məqsədi dəyişməz qalır – tərəfdaşlarla birlikdə mümkün qədər tez ədalətli və davamlı sülhə nail olmaq. Yermak həmçinin amerikalı tərəfdaşlara “fasiləsiz işə görə” təşəkkür edib.

Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində ABŞ ilə təmasların davam etdiyini təsdiqləyib. Dövlət başçısı bildirib ki, həm Ukraynanın müdafiə mövqelərinin qorunması, həm də diplomatik sahədə mövqelərin gücləndirilməsi hazırkı mərhələdə bərabər dərəcədə əhəmiyyətlidir.

“Komandamız ABŞ nümayəndələri ilə bu həftə – həftənin sonunda Cenevrədə əldə olunan nəticələr əsasında mövqelərin yaxınlaşdırılmasını davam etdirəcək”, – Zelenski bildirib.

Xatırladaq ki, noyabrın 23-də Cenevrədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının irəli sürdüyü sülh planı üzrə ilk danışıqlar baş tutmuşdu. Plana dair rəsmi təkliflər ictimaiyyətə açıqlanmayıb. Lakin müzakirələrin yekunu olaraq layihənin Kiyev üçün daha məqbul istiqamətdə dəyişdirildiyi bildirilmişdi.

Bundan əvvəl Kiyev və Avropa müttəfiqləri mətbuatda yayılan bir sıra iddialar barədə narahatlıqlarını ifadə etmişdilər. Söhbət Ukraynanın müəyyən ərazilərini Rusiyaya güzəştə getməsi, Silahlı Qüvvələrin sayına məhdudiyyətlər qoyulması və ölkənin NATO-ya daxil olmaqdan imtina etməsi kimi bəndlərdən gedirdi.

Ukrayna nümayəndə heyətinin rəhbəri Yermak yaxın günlərdə Zelenski ilə Donald Tramp arasında görüşün mümkünsüz olmadığını demiş, görüşün hətta 27 noyabrda baş tuta biləcəyini istisna etməmişdi. Lakin Ağ Ev sözçüsü Kerolayn Livitt bir gün əvvəl açıqlamasında bildirmişdi ki, administrasiyada “məsələnin təcili həllinə ehtiyac hiss olunur” və Tramp müharibənin bitməsi üçün razılaşma əldə etməyə çalışır, lakin bu həftə Zelenski ilə görüş planlaşdırılmır.

Rasim

“AzPolitika.info”