ABŞ Prezidenti Donald Tramp son günlər jurnalistlərə qarşı sərt ifadələri ilə gündəmə gəlib. O, Şükran Günündə “The New York Times” qəzetinin jurnalisti Keti Rodjersi “üçüncü dərəcəli müxbir” və “daxildən və xaricdən qorxunc” adam adlandırıb. 

Bu sərt reaksiya qəzetdə dərc olunan və Trampın iş qabiliyyətinə yaşının təsir etdiyini göstərən məqalədən sonra baş verib.

Eyni zamanda, Tramp digər jurnalistlərə qarşı da sərt ifadələr işlədib. “Bloomberg”in müxbiri Ketrin Lüsi onun pedofil Ceffri Epştaynın faylları ilə bağlı sualına cavab olaraq “Sakit ol, donuz” ifadəsini eşidib. 

“ABC News”in jurnalisti Məri Brüs isə Epştayn qalmaqalı və Səudiyyə Ərəbistanının tənqidçisi Camal Haşkaçının ölümü ilə bağlı sual verdikdə Tramp tərəfindən “dəhşətli jurnalist və dəhşətli insan” adlandırılıb.

“The New York Times”ın nümayəndəsi Çarli Stedlender bildirib ki, Keti Rodjers faktlara əsaslanan işini davam etdirəcək və şəxsi təhqirlər bu fəaliyyətə təsir etməyəcək.

Media yazır ki, Trampın yaşı onun prezident fəaliyyətinə də təsir edir. Məlumata görə, iş günləri qısalıb, səhər toplantılarına başlaması gecikir, nitqi bəzən anlaşılmaz olur, sağ qolunda qırmızı şişkinlik müşahidə olunur.

Tramp 2025-ci ildə “Walter Reed” klinikasında MRT müayinəsindən keçib, lakin nəticələr açıqlanmayıb. Onun şəxsi həkimi Şon Barbarella bildirib ki, Trampın çəkisi 2020-ci ildə 110,6 kq-dan 101,6 kq-a düşüb.

Son dövrlərdə Tramp daha çox axirət həyatından danışır və üçüncü müddət prezidentlik üçün mümkün olmayacağını vurğulayır.

“AzPolitika.info”