AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin bu gün Dövlət Təhlükəsizliyi Xidmətində dindirilmələri məlum olub.

"Report"un məlumatına görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər.

AXCP sədri Əli Kərimli və onun müşaviri evində axtarış aparılması zərurəti bir müddətdir yaranıb.

Belə ki, bu səbəbdən bu gün hər iki şəxsin evində axtarışlar aparılıb.

Buna səbəb DTX-nin müstəntiqlərinin Ramiz Mehdiyevin cinayət işi ətrafından apardığı araşdırmada Əli Kərimli və onun partiyasın "boz kardinal"la əlaqəsini sübut edəcək dəlillər və sübutlar toplamasıdır. Hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır.

Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb.

"Report"un əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb, lakin özü saxlanmayıb.

Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.