"Düşünürəm ki, hər necə də olsa, çox irəliləyiş əldə etmişik. Amma hələ finiş xəttinə tam çatmamışıq. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlərin olacağına ümid var".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti J.D.Vens “NBC News”-a verdiyi müsahibədə Ukraynadakı münaqişənin həlli ilə bağlı sualı cavablandırarkən deyib. O, qarşıdakı həftələrdə "xoş xəbərlər" olacağına ümid etdiyini bildirib.
Vitse-prezident həmçinin deyib ki, o və "bütün Ağ Ev" Ukrayna böhranının hələ həll olunmamasından məyusdur: "Biz həqiqətən inanırdıq - və prezident bunu milyon dəfə deyib - bu müharibənin həlli ən asanı olacaq".
Vitse-prezident Tramp administrasiyasının son diplomatik səylərinə də toxunub. Onun sözlərinə görə, Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşnerin son Moskva səfəri heç bir nəticə verməyib, çünki Vladimir Putin ABŞ-nin təqdim etdiyi sülh planını rədd edib. Bundan sonra Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisi Andrey Qnatov danışıqları davam etdirmək üçün ABŞ-yə yollanıblar.
Almaniyanın “Spiegel” nəşri yazır ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Rusiya ilə mümkün sülh danışıqları zamanı Ukraynanı yarı yolda qoya biləcəyindən narahatdır. Parisdə əsas iki risk qeyd olunur:
ABŞ Rusiya tərəfindən işğal olunmuş ərazilərin statusu ilə bağlı aydın mövqe tutmaya bilər;
ABŞ Ukraynaya post-savaş təhlükəsizlik zəmanətləri verməkdən yayınma ehtimalına malikdir.
Makronun ətrafında belə bir narahatlıq formalaşıb ki, Vaşinqton Ukraynanın maraqları bahasına Moskva ilə razılığa gəlməyə cəhd göstərə bilər.
Xatırladaq ki, dekabrın 2-də Vladimir Putin Kremldə Stiven Uitkoffu və Trampın kürəkəni Cared Kuşneri qəbul edib. Görüş təxminən beş saat davam etsə də, heç bir konkret nəticə əldə olunmayıb və Putin öz maksimalist, işğalçı tələblərindən əl çəkməyib.
“AzPolitika.info”


Şərhlər