Azərbaycan mədəni mühitində son günlərin ən çox müzakirə olunan mövzusu sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmidir.
Əksəriyyət tarixi şəxsiyyətin erotik məzmunla təqdimatını ümummilli dəyərlərə zərbə sayır. Bu etirazlar təkcə sosial şəbəkə paylaşımları ilə məhdudlaşmır.
"AzPolitika" xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, bir qrup ziyalı və mədəniyyət nümayəndələri Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil. Film XII əsr şairəsi Məhsəti Gəncəvini müasir interpretasiyada təqdim edir. Kadrlar, hərəkətlər, vizual dillə verilən mesajlar klassik qəzəllər müəllifi olan şairənin “azad, sərbəst, erotik” qadın obrazı kimi göstərildiyi barədə narazılıqlar yaradır.
Cəmiyyətin narahatlığını artıran suallar odur ki, tarixi şəxsiyyət çağdaş estetika ilə təqdim oluna bilərmi? Sərbəst təqdimat təhqirlər doğurursa, bu, azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı?
Əsas narazılıq bir məqam ətrafında cəmlənib. Məhsəti Gəncəvi təkcə qadın yox, qadın təfəkkürünün, Azərbaycan poeziyasının bir simvoludur. Bu məsələ yalnız “film uğurlu və ya uğursuzdur” səviyyəsi deyil. Burada tarixə münasibət, milli yaddaş və müasir incəsənətin hədləri müzakirə olunur.
Azərbaycan qadınının azadlıq simvolu müasir dövrdə seksual obraz kimi təqdim olunması, mədəni irsə hörmətin subyektiv interpretasiya ilə əvəzlənməsi ciddi hiddət doğurub. Bu artıq kinoya yanaşma kim qəbul edilməməlidir, bir kimlik mübahisəsidir.
Məsələnin siyasi və sosial alt qatları da dərinə gedir. Hadisə adi bir rejissorun filmi olsaydı, müzakirələr bəlkə də bu qədər böyüməzdi.
Suad Qara sabiq mədəniyyət nazirinin qızıdır. Bu faktı qaldıranlar iddia edir ki, dövlət irsinə cavabdeh olmuş bir sülalənin, dövlət irsini təhrif edən iş görməsi bütöv bir xalqa təhqir və düşmənçilikdir.

Şərhlər
Ə.Qarayevi, onun nazir qismində əməllərini qoyaq kənara. Onun “misilsiz əməyinin” özü və ailəsinin otellər/şirkətlər/gəmilər şəklində “tunclaşmış” saysız-hesabsız varidatı barədə məlumatlar yayılır. Çi fayda: ictimai qınaq onsuzda işləmir, buna faktları istənilən qədər tapmaq olar. Bu məsələ ilə müvafiq orqanlar məşğul olur/olsun.
Lakin klassik olan siyasi/mənəvi ifadəni də yada salaq: “Oğul/qız ataya görə məsuliyyət daşımır”. Əks təqdirdə nə ola bilər? “Pandora qutu”su açılar və oradan çıxan şər/qəbahət dönməz/gözlənilməz/katastrofik senariləri yazdırar çəmiyyət və insanlarımız üçün. Bu fikir bəzi beyinlərdə qisas üzərində həkk olan “alovlu ədalət” hissini “söndürür”, aydınır, ancaq başqa çıxış yolu nə vəd edir??? Düşünək...
Maraqlı olan budur: belə yazıları kimlər və nə məqsədlə yazır? Şərti olaraq “Pakistanlı” şüurlu biriləri, yoxsa “Şərqdə qadına ilk dəfə səs vermə hüququnu tanıyan” dövlətin nümayəndəsi? “Klassik qəzəllər müəllifi olan şairə” “azad, sərbəst, erotik” ola bilməz? Bəs qadın necə olmalıdır? Əlləri titrəyən, ürəyi əsən, başı aşağı,qorxaq, zahiri gözəlliyini gizlədən, idealı keçmişdə görən? Yəni, guya “tarixi ənənəlirimizə” qayıdış budur? Niyə bu halda qovulmur ictimai səhnədən, məhkəməyə verilmir bir çox Azərbaycanın “xalq artistləri”? Əksinə, hər vəhclə “qaragüruh gəncliyin” qibtə obyektləri səviyyəsində bütləşdirilirlər?
“Mədəni (və digər) irsin” “subyektiv interpretasiya”sı olmasa bəşəriyyət harada idi hazırda – 1 əsrdə, 7-ci əsrdə? Kimlərəsə o əsrlər bəşəri zirvədir, “qızıl, paklıq dövrdür”, digərləri üçün - inkişafın sadəcə bir pilləsi, nə qədər əhəmiyyətli olsa belə. Bir də, bəs yaradıcılıq nədir onda? İcazə verilən təfəkkür nümünəsi çərçivəsində “tostlar” demək?
“Sərbəst təqdimat təhqirlər doğurursa, bu, azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı?” – Tarixi inkişaf məhz “sərbəst təqdimatlar” şəraitinin yaradılması uğrunda mübarizə/fəaliyyət və bunun nəticələridir. Bunu görmək üçün dahi olmaq lazım deyil. Bütün əhəmiyyətli ideologiyalar, dinlər, hətta texnologiyaların tarixi bunun təsdiqidir: mövcud, toxunulmaz, müqəddəs, sakral olan düşüncə/mənəviyyat/həyat tərzi məhz onların çərçivəsində obyektiv olaraq formalaşan yeni yanaşmaların (interpretasiyaların) məhsullarıdır...
“Məhsəti Gəncəvi təkcə qadın yox, qadın təfəkkürünün... bir simvoludur”. – Bu təfəkkür nədən ibarətdir? Vahid, hamı üçün qəbul edilən bir meyyar/meyyarlar var? Müxtəlif əsaslarla – dini/siyasi, mənəvi, sosial - qütbləşən cəmiyyətdə bu ümumən mümkündürmü? İzah olunsa yaxşı olardı, ancaq sözünü deyə bilirsən, de; deyə bilmirsən, danışma; yalan demə prizmasından. Əlavə edərdim:”məndə varam” yanaşması ilə konspirologiya yayma. Onsuzda başlar çoxdan çaşıb. Əlavə olaraq, M.Gəncəvi simvol, rəmzdirsə, gəlin bu rəmzi yaradan şəxsin BÜTÜN yaradıçılığına nəzər salaq. Orada AZAD QADIN təfəkkürünün inikasının çox nümunələrini tapmaq olar...
Bir məsələ də “dəyərlər və maraqlar” mövzusudur. Nə üstündür: dəyərlər üzərindən yaranan “prinsiplər”, yoxsa bioloji hissdən yaranan “maraqlar”? Görünən odur ki, maraqlar tayfa, qohumbazlıq, prinsiplər – cəmiyyət yaradır. “Milli”,”milli dəyərlər, “milli kimlik” sözləri hər boğazdan gəldikcə isə, onlara yerli-yersiz istinadlar edildikcə gözdən düşür, arxalarında duran əzəməti itirirlər. Biz nə istəyirik???
İndi ayılmısınız, vaxtında Qarayev nazir olanda etdiklərini görmürdünüz