Menu

ABŞ Ermənistanla iki işçi qrupu yaradır – “Tramp Yolu” ilə bağlı qızğın iş başlayıb

09.12.2025, 14:32
ABŞ Ermənistanla iki işçi qrupu yaradır – “Tramp Yolu” ilə bağlı qızğın iş başlayıb

ABŞ hazırda Ermənistan hökuməti ilə birlikdə "Beynəlxalq Rifah və Sülh naminə Tramp Yolu" (TRİP) layihəsi və Vaşinqton memorandumlarından irəli gələn fəaliyyətlərin həyata keçirilməsi üçün yeni strukturların formalaşdırılması üzərində işləyir.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin məlumat verib.

Səfirin sözlərinə görə, hazırda memorandumların və "Tramp Yolu"nun icrasına rəhbərlik edəcək iki hökumətlərarası işçi qrupu yaradılır. İşçi qrupları artıq təsis edilib və səfirin bildirdiyinə görə, ilin sonuna qədər özlərinin ilk iclaslarını keçirəcəklər.

İrəvan və Vaşinqton həmçinin "TRİP"-in planlaşdırılması və tikinti işlərinə rəhbərlik etmək məqsədilə Ermənistan-Amerika qurumu yaratmaq istiqamətində çalışır. Kristina Kvin əlavə edib: "Hazırda bu xüsusi struktura dair hüquqi məsələlər dəqiqləşdirilir və biz irəliləyiş barədə xəbərlər gözləyirik".

Səfir əminliyini ifadə edib ki, "Beynəlxalq Rifah və Sülh naminə Tramp Yolu" layihəsinin faydaları ticarət yollarını açacaq və Ermənistanı yenidən qlobal bazara birləşdirəcək.

"Tramp Yolu" nəinki regional qarşılıqlı əlaqənin genişlənməsinə kömək edir, həm də Ermənistana ixracat, idxal və birgə təşəbbüslər üçün tərəfdaşlar seçmək imkanı verir. Bu seçim azadlığı o deməkdir ki, Ermənistan biznesi və istehlakçıları üçün sərfəli olacaq ən əlverişli kommersiya razılaşmalarını müzakirə edə bilər," - deyə səfir qeyd edib.

Kvin vurğulayıb ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması ilə yanaşı, Vaşinqton Ermənistanın Şərq-Qərb kommersiya zəncirlərinə tam inteqrasiyasına dəstək verməyə hazırdır. Səfir, Ermənistan-ABŞ münasibətlərinin hazırda "əvvəlkindən daha dərin və daha möhkəm" olduğuna əminliyini ifadə edib.

Xatırladaq ki, avqustun 8-də Ermənistan Vaşinqtonda Azərbaycanla ikitərəfli sülh sazişinin əvvəlcədən razılaşdırılmış mətnini paraflamışdı. Səfir vurğulayıb ki, ABŞ sazişin imzalanması və ratifikasiyasına qızğın dəstək verir və bu məqsədə nail olmaq üçün işləməyə davam edəcək.

Qeyd olunub ki, Amerika tərəfindən işçi qrupuna Rusiyanın və Mərkəzi Avropanın siyasətinə nəzarət edən Dövlət katibinin köməkçisinin müavini Sonata Kalter rəhbərlik edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol