İranın Evin həbsxanasında saxlanılan iki Güney Azərbaycandan olan siyasi məhbus – hüquqşünas Tahir Nəqəvi və fəal Vədud Əsədi artıq 51 gündür aclıq aksiyası keçirirlər.
“AzPolitika” yerli mediaya istinadla bildirir ki, onlar barələrində çıxarılan hökmlərin siyasi motivli olduğunu bildirirlər.
Tahir Nəqəvi, vəkil fəaliyyəti ilə tanınan hüquq müdafiəçisidir. Ona qarşı “İran rejimi əleyhinə təbliğat” maddəsi üzrə 1 il, “daxili təhlükəsizlik əleyhinə cinayət törətmək məqsədilə toplaşmaq və sövdələşmə” ittihamı ilə isə 5 il həbs cəzası verilib. Həbsinə paralel olaraq onun vəkillik lisenziyası da dondurulub. İttihamlardan biri Nəqəvinin Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin məhkəmədə müdafiəsinə görə irəli sürülüb. Bu, onun ilk həbsi hesab olunur.
Vədud Əsədi isə “rejim əleyhinə təbliğat”, “müxalif qruplara üzvlük” və “rəhbərliyi təhqir etmək” ittihamları ilə ümumilikdə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, bundan əvvəl də bir neçə dəfə həbs olunub və müxtəlif cəzalar alıb.
Hər iki məhbus hazırda Tehranın Evin həbsxanasında saxlanılır. Aclıq aksiyasının səbəbi kimi ədalətsiz məhkəmə prosesləri, siyasi xarakterli ittihamlar və hüquqlarının pozulması göstərilir.
“AzPolitika.info”

Şərhlər