Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov bəyan edib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması yalnız bir şərtlə mümkündür - Ukrayna Silahlı Qüvvələri Donbas ərazisindən çıxmalıdır.
“AzPolitika” bildirir ki, bu barədə o, “Kommersant”a müsahibəsində danışıb.
Uşakovun sözlərinə görə, Moskva gələcəkdə Donbasda Rusiya ordusunun deyil, yalnız Rusiya Milli Qvardiyasının (Rosqvardiya) yerləşməsi ehtimalını da istisna etmir. O bildirib ki, hazırda Kiyevin nəzarətində olan bölgələrdə Rusiya hərbi kontingentinin olmaması nəzərdən keçirilə bilər.
Kreml rəsmisi əlavə edib ki, Donbas tam olaraq Rusiya nəzarətinə keçməlidir: “Əgər bu məsələ danışıqlar yolu ilə həll olunmazsa, onda hərbi yolla həmin ərazi Rusiya Federasiyasının tam nəzarəti altına keçəcək. Qalan hər şey bundan asılı olacaq.”
Uşakovun bəyanatları göstərir ki, Moskva sülh danışıqlarının əsas şərti kimi Donbasdan Ukrayna qüvvələrinin çıxmasını tələb edir və bu şərtin yerinə yetirilmədiyi halda müharibənin davam etdiriləcəyini açıq şəkildə bildirir.
“AzPolitika.info”

Şərhlər